Ordu.az xəbər verir ki, bu qərar Tokionun müdafiə hədəflərini böyütməsi fonunda öldürücü silahların xaricə satışının önünü açan mühüm siyasət dəyişikliyi kimi qiymətləndirilir.
Yeni qaydalarla Yaponiyanın özünə tətbiq etdiyi öldürücü silah satışı qadağası sona çatır, ölkənin beynəlxalq silah bazarına daxil olaraq həm milli müdafiəsini gücləndirməsi, həm də iqtisadi artımı dəstəkləməsi hədəflənir.
Qərar Çinin sərt reaksiyasına səbəb olub. Bu addım Pekinin bölgədə artan hərbi fəaliyyəti, Şimali Koreya və Rusiyadan qaynaqlanan təhlükəsizlik təhdidlərinin davam etməsi ilə bağlı artan narahatlıqlar fonunda atılıb.
Baş nazir Sanae Takaçi deyib: “Təhlükəsizlik mühiti getdikcə daha çətin xarakter alarkən, artıq heç bir ölkənin öz sülhünü və təhlükəsizliyini təkbaşına təmin edə bilməyəcəyinə inanıram”.
Takaçi bu kontekstdə müdafiə avadanlıqları sahəsində qarşılıqlı dəstək verən tərəfdaşlıqlara malik olmağın əhəmiyyətinə diqqət çəkib. Lakin o, Yaponiyanın “pasifist kimliyinin” və “əsas prinsiplərinin” dəyişmədiyini də vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun isə dəyişikliklə bağlı “ciddi narahatlıq” duyduqlarını bildirərək, Yaponiyanın “düşüncəsiz yeni tip militarizasiyasına” qarşı çıxacaqlarını ifadə edib.
Əvvəllər ixrac yalnız axtarış-xilasetmə, daşımalar, erkən xəbərdarlıq, müşahidə və mina təmizləmə olmaqla beş kateqoriya ilə məhdudlaşdırılırdı. Takaçi X platformasında etdiyi açıqlamada bildirib ki, “bu dəyişikliklə birlikdə prinsip etibarilə bütün müdafiə avadanlıqlarının transferi mümkün olacaq”.
Regional balanslar və daxili ictimai rəy müzakirəsi
Siyasət dəyişikliyini dəstəkləyənlər hesab edirlər ki, bu addım Yaponiyanı qlobal müdafiə təchizat zəncirinə daha çox inteqrasiya edəcək, regional qeyri-sabitliyin artdığı bir dövrdə müdafiə, diplomatik və iqtisadi əlaqələri dərinləşdirəcək.
Buna qarşılıq, qərar Yaponiya ictimaiyyətində ciddi müzakirələrə yol açıb. Tənqidçilər hökuməti ölkənin köklü pasifist ənənəsini zəiflətməkdə ittiham edirlər.
Hiroşima doğumlu 56 yaşlı Cuniçi Kikuta deyib: “Sülhün əhəmiyyətini öyrənərək böyümüşəm. Atom bombasının yaratdığı dağıntı bu gün də hələ aktuallığını qoruyur”. Kikuta bununla qərara qarşı olduğunu bildirib.
Kikuta vurğulayıb ki, Yaponiya nüvə silahına məruz qalan yeganə ölkə kimi silahlardan uzaq durmaq və müharibə əleyhinə mövqeyini qoruyub saxlamalıdır.
Nazirlər Kabineti və Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən dəyişikliklə birlikdə bildirilib ki, Yaponiya yalnız BMT Nizamnaməsinə uyğun istifadə öhdəliyi götürən ölkələrə silah ixrac edəcək.
Müdafiə və silahlara nəzarət üzrə ekspert Heyqo Sato isə bildirib ki, Yaponiya sülh dövrünü fürsət bilərək müttəfiqlər arasında silah və sursat mübadiləsini asanlaşdıracaq sistem qurmalıdır. Satonun fikrincə, ixrac müdafiə sənayesi şirkətlərinə davamlı iş həcmi təmin edəcək, alıcı ölkələrlə münasibətləri də gücləndirəcək.
Bundan əlavə, ikitərəfli silah ticarəti quruluşunun mümkün uzunmüddətli münaqişə halında Yaponiyanın müttəfiqlərindən dəstək alma ehtimalını artıra biləcəyi qeyd olunur.
Yeni qaydalar ilk dəfə 1976-cı ildə tətbiq edilən genişmiqyaslı silah ixracı qadağasının mərhələli şəkildə yumşaldılmasının bir hissəsi kimi qiymətləndirilir.
Mart ayında NHK tərəfindən keçirilən sorğuya görə, iştirakçıların 53 faizi bu addımı dəstəkləməyib, yalnız 32 faizi müsbət rəy verib.
Sülh fəalları isə ölkə üzrə etiraz aksiyaları keçirərək, hökumətin daha aqressiv xarici siyasət yanaşmasının Yaponiyanı münaqişələrə sürükləyə biləcəyi barədə xəbərdarlıq ediblər.
Təcrübəli fəal Koci Suqihara bu dəyişikliyin “tarixi dönüş nöqtəsi” olduğunu bildirərək, Yaponiyanın pasifist imicinin bu günə qədər onun diplomatik və ticarət əlaqələrinə töhfə verdiyini vurğulayıb.
Yaponiya 1950-ci illərdə Koreya müharibəsi zamanı iqtisadi töhfə məqsədilə sursat və hərbi material ixrac etmiş, 1967-ci ildə məhdud qadağa tətbiq etmiş və təxminən on il sonra genişmiqyaslı ixrac qadağasını qüvvəyə mindirmişdi.
Son illərdə isə xüsusilə beynəlxalq silah hazırlama layihələrində iştirak çərçivəsində bəzi istisnalar tətbiq olunmuş, 2014-cü ildə öldürücü olmayan beş kateqoriya üzrə ixracın önü açılmışdı.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, “Mitsubishi Heavy Industries”, NEC, “Kawasaki Heavy Industries”, “Mitsubishi Electric” və “Fujitsu” kimi yapon şirkətləri dünyanın ən böyük 100 müdafiə şirkəti arasında yer alır.
Sevinc Əliyeva
Ordu.az