“Avropa tərəfindən Ermənistana qarşı hibrid müharibə alətləri maliyyələşdirilib” - Köçəryan

2026/01/1769691713.jpg
Oxunub: 531     11:16     17 Aprel 2026    
“Problemlər ciddidir, onlar hiss ediblər ki, insanlar Rusiya ilə münasibətlərin gərginləşməsindən narahatdırlar”.

Ordu.az xəbər verir ki, bu barədə növbəti podkastında Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan bir gün əvvəl Baş nazir Nikol Paşinyanın Rusiya ilə münasibətlərin çox yaxşı olduğu barədə bəyanatına münasibət bildirərkən deyib.

“Əgər xalqımızın bir hissəsində Qarabağın itirilməsi ilə bağlı Rusiyadan müəyyən məyusluq varsa, bu o demək deyil ki, həmin kütlə Ermənistanın Rusiya ilə əlaqələri kəsməsinə və ya düşmən olmasına sevinir. Heç də belə deyil və hamı başa düşür ki, iqtisadi baxımdan bizim çox böyük asılılığımız var və insanlar arasında narahatlıq çoxdur. Mənim təmaslarım göstərir ki, narahatlıq biznes dünyasında da böyükdür. Biz Rusiyadan çox assimetrik asılılıq vəziyyətindəyik. Əgər iqtisadi əlaqələr qırılsa, Rusiyada bunu heç hiss etməyəcəklər də, çünki Rusiyanın iqtisadiyyatında Ermənistanla xarici ticarət dövriyyəsi cəmi 0,7% təşkil edir. Ermənistan üçün isə bu, sadəcə iqtisadi kollaps olacaq. İnsanlar bunu instinktiv olaraq hiss edirlər.

Biznesmenlər də bu hesablamanı apara və hansı miqyasda itkilərlə üzləşəcəklərini anlaya bilərlər. Həmin itki dərhal banklara zərbə vuracaq. Biz elə bir iqtisadi çuxura düşəcəyik ki, oradan çıxmaq uzun illər, ən azı dörd-beş il tələb edəcək. Hakimiyyətin ritorikasının dəyişməsi bundan irəli gəlir, ölçmələr aparıblar və anlayırlar ki, bu əhval-ruhiyyə onların xeyrinə deyil, deməli, hər şeyin yaxşı olduğunu deməyə çalışmalıdırlar”, - deyə o bildirib.

Köçəryan qeyd edib ki, bir tərəfdən hakimiyyət Avropadan hibrid müharibənin neytrallaşdırılması ilə məşğul olan qrup gətirir, digər tərəfdən isə hər şeyin yaxşı olduğunu bəyan edir: “Nə yaxşıdır, bu iki hal bir-biri ilə necə uzlaşır? Bu, saxtakarlığın, yalanın, riyakarlığın başqa bir səviyyəsidir”.

“Hibrid hücumlara qarşı mübarizə üçün” Aİ-dən verilən vəsaitin maliyyələşdirilməsi ABŞ administrasiyasının qərarı nəticəsində kəsilmiş QHT sektoruna getdiyi barədə qeydə cavab olaraq sabiq erməni prezident deyib: “Bəlkə bunu belə ifadə edək, Avropa tərəfindən Ermənistana qarşı hibrid müharibə alətləri maliyyələşdirilib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin