Erməni ekspert: “Paşinyan hamıdan yaxşı bilir ki, hazırkı mərhələdə onun dəstəyi müxalifətin dəstəyindən daha aşağıdır”

2026/04/1776325483.jpg
Oxunub: 298     15:12     16 Aprel 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan işgüzar dairələrin nümayəndələri ilə görüşüb və əmin edib ki, Azərbaycanla əldə olunmuş sülh şəraitində Ermənistan iqtisadi inkişafın yeni mərhələsinə daxil olur. Bundan əlavə, o, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin işə salınması perspektivlərinə də toxunaraq Azərbaycan ərazisindən Ermənistana dəmir yolu yükdaşımalarından danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Erməni iqtisadçı Hrant Mikayelyan nərşə açıqlamasında deyib ki, işgüzar dairələrin Paşinyanın yalan vədlərinə necə münasibət göstərəcəyini izah etmək bir qədər çətindir.

“Çünki əlbəttə, bütün hallardan asılı olmayaraq Türkiyə və Azərbaycanla münasibətlərin qurulması perspektivlərinə çox müsbət baxan insanlar da var. Burada onun hesablaması qismən işləyə bilər, amma eyni zamanda işgüzar dairələrdə də artıq anlayırlar ki, Paşinyanın Rusiya istiqamətində siyasəti onların mövqelərini ciddi şəkildə pisləşdirəcək. Bundan əlavə, Türkiyə istiqamətində, əgər vədlər dilindən çıxıb real həyata keçsək, real və hiss olunan irəliləyiş görünmür.

Buna görə düşünürəm ki, bu PR addımı onun əldə etmək istədiyi effekti verməyəcək. Yəni həmin dairələrdə əlavə səslər və əlavə dəstək qazanmayacaq”, - deyə Mikayelyan bildirib.

Paşinyanın iqtisadi uzunmüddətli perspektivlər barədə ritorikasının onun özü və komandasının yenidən seçiləcəyinə əmin olduğunu göstərib-göstərmədiyi barədə suala erməni iqtisadçı cavab verib ki, hakimiyyətin hazırkı davranışı əksini göstərir.

“Mən onların özlərini yenidən hakimiyyətdə görəcəklərinə əmin olduqlarını görmürəm. Yəni hakimiyyətin addımları, apardığı təbliğat, yeni həbslər zənciri, dünən Qohar Qumaşyanı həbs etmək üçün uğursuz cəhd, yeni repressiya cəhdləri onların özünəinamının olmadığını göstərir. Paşinyanın zövqsüz bəyanatları... Bütün bunlar göstərir ki, heç bir əminlik yoxdur.

Onların vəziyyəti belə təqdim etmək istəməsi başqa məsələdir, amma yenidən hakimiyyətdə qalmaq imkanını şişirtmək lazım deyil”, - deyə o qeyd edib.

Mikayelyan seçki mənzərəsində hər halda mühüm rol oynayacaq bir neçə amili sadalayıb.

“Məsələn, seçkilərdə iştirak etməyəcək partiya və qüvvələrin elektoratı hara gedəcək, Paşinyan qeyri-konvensional addımlara əl atmağa, fövqəladə vəziyyət elan etməyə cəhd göstərə bilərmi?

Burada çoxlu suallar var, amma Paşinyan hamıdan yaxşı bilir ki, hazırkı mərhələdə onun dəstəyi müxalifətin dəstəyindən daha aşağıdır və bunu sorğular da təsdiqləyir. Başqa məsələ odur ki, müxtəlif manipulyasiyalarla, məsələn İrəvan seçkiləri ssenarisi ilə o, qalib gəlməyə cəhd göstərə bilər və bu istisna deyil”, - deyə erməni ekspert sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mikayelyan  


Bizi "telegram"da izləyin