Paşinyanın komanda yoldaşı: “Dəmir yolunun konsessiyasının başqa ölkəyə verilməsi Rusiyaya da sərfəlidir”

2026/04/1776317597.jpg
Oxunub: 475     09:38     16 Aprel 2026    
“Dəmir yolunun konsessiya idarəçiliyinin Rusiyadan alınaraq başqa ölkəyə, məsələn, Qazaxıstana verilməsi Rusiyaya da sərfəlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbətində “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, erməni iş adamı Xaçatur Sukiasyan deyib.

“Mən hesab edirəm ki, bu, ruslar üçün də sərfəlidir, çünki bilirəm ki, hazırda kifayət qədər maliyyə və digər problemlər mövcuddur. Bu niyə arzuolunandır? Çünki biz istənilən halda hansısa formada Rusiya ilə bağlı qalacağıq və yaxşı olar ki, Rusiya düzgün qərar qəbul etsin, bu münasibətləri formalaşdırsın. Rusiya da qazanacaq, çünki region nəfəs almağa başlayacaq. Məsələn, Hindistandan gələn mallar Ermənistan vasitəsilə keçəcək və burada Rusiyanın da payı olacaq”, - deyə o bildirib.

Sukiasyan qeyd edib ki, regionun inkişafı üçün hər şeyi etmək lazımdır. O, nümunə kimi 1950-ci illərin Avropasını göstərib. Onun sözlərinə görə, düzgün qərarlar, Avropa İttifaqının yaradılması, sərhədlərin açılması, iqtisadiyyatın liberallaşdırılması və vahid valyutanın tətbiqi nəticəsində Avropa inkişaf edib.

Erməni deputat qeyd edib ki, Azərbaycandan benzinin Ermənistana idxalının fasiləsiz həyata keçirilməsi ilə bağlı məlumatı yoxdur. Öz ailə bizneslərinin Azərbaycan vasitəsilə ixrac imkanlarını nəzərdən keçirib-keçirməməsinə gəlincə isə Sukiasyan bildirib ki, qiymət siyasəti əlverişli olarsa, təkcə onun ailəsi deyil, istənilən ailə daha rəqabətli olmaq istəyəcək.

“Mən sizə əminliklə deyirəm ki, daha rəqabətli olmaq istəyən insanları, hətta Azərbaycan ərazisindən istifadə etməklə olsa belə, dəstəkləyəcəyəm”, - deyə o vurğulayıb.

Sukiasyan Robert Köçəryanın qondarma “Abxaziya” ilə danışıqlar apararaq abxaz dəmir yolunun açılması təklifinə cavab olaraq bildirib: “Sizi təbrik edirəm, bəs 20 il “Abxaziya” ilə nə edirdilər? 30 il nərd oynayırdılar? “Abxaziya” ilə bağlı nə baş verdi, haradadır? Bir gün Gürcüstan razılaşmırdı, bir gün “Abxaziya”, bir gün də Rusiya Federasiyası. Siz yaxşı bilirsiniz ki, hələ Levon Ter-Petrosyanın dövründən bu məsələ müzakirə olunurdu ki, bəlkə “Abxaziya” açılar. İndi 30 il keçib, bu, ciddi deyil”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sukiasyan  


Bizi "telegram"da izləyin