“ABŞ-dən TRIPP layihəsinin prioritet olduğu barədə yüksək səviyyədə təminat almışıq” - Paşinyan

2026/04/1775731371.jpg
Oxunub: 624     19:27     15 Aprel 2026    
“Bütün narahatlıqlara və ehtiyatlara baxmayaraq, Ermənistan ABŞ-dən yüksək səviyyədə təminatlar alıb ki, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ABŞ üçün əvvəl olduğu kimi indi də prioritet olaraq qalır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə sual-cavab zamanı bildirib.

“TRIPP ilə bağlı proseslər nəinki ləngiməyib, əksinə sürətlənib və həm Ermənistan, həm də ABŞ bu layihəni mümkün qədər qısa müddətdə həyata keçirmək niyyətindədir. Hətta son günlərdə biz, xüsusilə, elektrik ötürücü xətlərin tikintisini və ümumilikdə bütün işlərin planlaşdırılandan daha tez icra olunması imkanlarını müzakirə etmişik. Proseslər yetişib və həm Ermənistanın, həm də ABŞ-nin layihəyə yanaşması onun mütləq prioritet olmasıdır.

İndi artıq hamımız bunun iqtisadi əhəmiyyətinin nə qədər artdığını təsəvvür edə bilərik. Bu qeydi etməkdən çox məmnunam. Həmçinin məmnuniyyətlə qeyd edirəm ki, layihəyə Azərbaycan da maraq göstərir, çünki tez-tez soruşurlar ki, Azərbaycan TRIPP-də iştirak edəcəkmi? Biz izah edirik ki, TRIPP sadəcə qapalı sərhəddən digər qapalı sərhədə uzana bilməz, sərhədlər açılmalıdır ki, hər iki tərəfdən əlaqə mümkün olsun. Biz məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan da eyni yanaşmanı və marağı nümayiş etdirir”, - deyə Paşinyan bildirib.

O vurğulayıb ki, Ermənistanın maraqları da aydındır.

“Praktiki olaraq hər gün iş aparılır və demək olar ki, elə bir iş günü yoxdur ki, mən TRIPP ilə bağlı məsələlərə toxunmayım, tapşırıqlar verməyim. Hökumətin digər üzvləri də bu prosesdə fəal iştirak edirlər.

Əlbəttə, müəyyən narahatlıqlar var idi, lakin indi vəziyyət tam əksinədir, ABŞ və Ermənistan hökumətləri üçün layihənin prioritetliyi daha da artıb və mənim proqnozuma görə, yaxın vaxtlarda bu maraq və iştirak daha da genişlənəcək, həyata keçirmə tempi isə sürətlənəcək”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin