Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Mk.ru” nəşri “Paşinyan Ermənistanı maraqlı vəziyyətə salıb” başlıqlı məqaləsində yazıb.
“İrəvandakı mənbələrin sözlərinə görə, İranla müharibə TRIPP (Zəngəzur dəhlizi-red.) nəqliyyat layihəsinin həyata keçirilməsi üçün zəruri olan mühəndislik tədqiqatlarını aparmalı olan ABŞ şirkətinin Ermənistana səfərini təxirə salıb. Bu barədə razılaşma 2025-ci ilin avqustunda Vaşinqtonda Donald Tramp ilə Ermənistan və Azərbaycan rəhbərləri arasında keçirilən görüş zamanı əldə olunmuşdu. Lakin indi, göründüyü kimi, bu, faktiki olaraq yalnız niyyət olaraq qalır: ABŞ ilə Ermənistan marşrutun operatoru məsələsi üzrə hətta müqavilə də imzalamayıb.
“Foreign Policy” nəşrinin məlumatına görə, bu məsələ hazırda İran məsələləri ilə məşğul olan, Trampın müşaviri Stiv Uitkofun rəhbərlik etdiyi eyni kiçik komanda tərəfindən həll olunur. Eyni zamanda, hərbi əməliyyatlar səbəbindən risklərin artması fonunda TRIPP layihəsi investorlar üçün cəlbediciliyini itirir. Nəhayət, dəhliz İran sərhədindən demək olar ki, daş atımı məsafəsində keçməlidir. Nəşr ehtimal edir ki, Tramp özü də bu layihəyə marağını itirmiş ola bilər, aydındır ki, onun indi başqa məsələləri var. Nəticədə sülh prosesi “ciddi sınaqla üzləşə bilər”.
Bakı üçün Naxçıvana çıxış həyati əhəmiyyət daşıyır. Üstəlik, əvvəllər İran üzərindən keçən yeganə quru yol hazırda müharibə səbəbindən bağlanıb”, - deyə müəllif bildirib.
Nəşr qeyd edib ki, Azərbaycan illərdir Ermənistanın cənubu vasitəsilə keçəcək nəqliyyat marşrutunun açılmasında israr edir.
“2020-ci ildə hərbi əməliyyatları dayandıran və Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşması belə bir marşrutu nəzərdə tuturdu və bu marşrut rus sərhədçiləri tərəfindən qorunmalı idi. Lakin Paşinyan Moskva ilə münasibətləri korlayaraq amerikalıları dəvət etməyi seçdi. Əgər ABŞ indi TRIPP layihəsinə marağını itirsə, Ermənistan Azərbaycan və Türkiyənin birgə hərbi gücü qarşısında tək qalmalı olacaq”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az