Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Romantik yanaşmanın sonu: Ermənistan hansı qiyməti ödəyəcək?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, xarici istiqamətin dəyişdirilməsi ilə bağlı hazırkı hakimiyyətin düşünülməmiş addımları və bəyanatları fonunda Rusiya yüksək səviyyədə və açıq şəkildə erməni xalqının bu yolda qarşılaşa biləcəyi çağırışlar barədə xəbərdarlıq etməyə başlayıb.
“Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür və bu quruma üzvlükdən böyük faydalar əldə edir. Son illərdə qürurla qeyd edilən yüksək iqtisadi artım da bunun nəticəsidir.
Lakin bütün bunlara və Ermənistanın AİB üzvlüyünün verdiyi üstünlüklərə məhəl qoymayan hakimiyyət, avropalı himayədarlarının təsiri ilə ölkəni sarsıntılar yoluna aparmağa qərar verib. Halbuki yaxşı məlumdur ki, AİB və Avropa İttifaqı tamamilə uyğun gəlməyən strukturlardır. Bu yolda Ermənistan seçim etməyə məcbur olacaq və bu, Nikol Paşinyana növbəti dəfə Rusiyaya səfəri zamanı, bu dəfə Rusiya prezidentinin dili ilə xatırladılıb.
Avrointeqrasiya istiqamətində Ermənistan hakimiyyəti seçim etməyə məcbur olacaq, lakin bu templə davam edərsə, hətta seçim etmək üçün vaxt da qalmaya bilər. Rusiyada artıq Ermənistanın Rusiyanın onunla iqtisadi münasibətləri yenidən qurmağa məcbur qalacağı kritik nöqtəyə yaxınlaşdığı barədə danışılır”, - deyə nəşr qeyd edib.
Müəllif yazıb ki, xüsusilə ölkənin belə köklü dəyişikliklərə tam hazır olmadığı şəraitdə Ermənistanla iqtisadi münasibətlərin yenidən qurulmasının nə demək olduğu isə kifayət qədər aydındır.
“Bu o demək deyil ki, Ermənistan mütləq şəkildə Rusiyadan asılı qalmalı və başqa istiqamət seçmək imkanı yoxdur. Lakin belə bir addımdan əvvəl buna hazır olmaq lazımdır. Ermənistanın hazırda nə dərəcədə hazır olduğu isə müzakirə mövzusu belə deyil.
Ermənistan iqtisadiyyatının həmişə Rusiya iqtisadiyyatı ilə əsas əlaqələrlə bağlı olduğu məlumdur: ixrac və istehlak bazarları, həyati əhəmiyyətli çoxsaylı məhsulların idxalı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq və s. Ermənistanın xarici ticarətinin 30-35 faizi, bəzi illərdə isə hətta 40 faizə qədəri Rusiyanın payına düşür. Bu, həm ixracda, həm də idxalda özünü göstərir.
Xüsusilə vacib məqam ondan ibarətdir ki, Ermənistan məhsullarının təxminən üçdə biri Rusiya bazarında satılır. Son illərdə Ermənistanın xarici ticarətdə Rusiyadan asılılığı daha da artıb. Hakimiyyət ölkəni avrointeqrasiya yoluna aparmaq istəsə də, bu asılılığı azaltmaq üçün real addımlar atmayıb”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edib ki, belə şəraitdə Rusiya Ermənistanla iqtisadi münasibətləri birtərəfli qaydada yenidən nəzərdən keçirmək qərarı versə, bu, təkcə Rusiya bazarını itirmək deyil, həm də bir sıra həyati əhəmiyyətli məhsulların, üstəlik güzəştli şərtlərlə idxal imkanlarının itirilməsi demək olacaq.
“Bu, ilk növbədə Ermənistanın enerji sistemi və ümumilikdə iqtisadiyyatının əsasını təşkil edən Rusiya qazına aiddir. Həm əvvəl, həm də indi Ermənistan Rusiya qazını güzəştli şərtlərlə alır. Bu barədə Nikol Paşinyana Rusiyada, Rusiya prezidenti səviyyəsində də açıq şəkildə xatırladılıb.
“Hazırda enerji daşıyıcılarının, məsələn, qazın qiymətləri Avropada bəzi hallarda min kubmetr üçün 600 dolları keçir. Rusiya isə Ermənistana qazı min kubmetr üçün 177,5 dollara satır. Fərq böyükdür”, - deyə Rusiya prezidenti bildirib.
Mesaj aydındır: Ermənistan Rusiya qazını güzəştli şərtlərlə alır və bu, ona verilən siyasi qiymətdir. Təkcə qaz üzrə bu fərq yüz milyonlarla dollar təşkil edir.
Əgər Ermənistan Avropa İttifaqında olsa, qazı beynəlxalq bazar qiymətləri ilə almağa hazır olmalıdır. Bu halda Rusiya qazı Ermənistan üçün ən azı iki, hətta üç dəfə baha başa gələ bilər və bunun ağır nəticələri olacaq. Hətta hazırkı qiymətlərlə belə Ermənistan iqtisadiyyatı bir çox hallarda həm xarici, həm də daxili bazarda rəqabət aparmaqda çətinlik çəkir. Qazın ikiqat bahalaşması şəraitində vəziyyətin necə olacağını təsəvvür etmək çətindir”, - deyə məqalədə vurğulanıb.
Nəş bildirib ki, hazırda Ermənistan Rusiyadan ildə 2,2 milyard kubmetrdən çox qaz alır.
“Bu, ölkəyə daxil olan qazın 82 faizindən çoxunu təşkil edir. Bu qaz üçün Ermənistan güzəştli qiymət ödəyir və buna baxmayaraq, illik məbləğ 390-400 milyon dollar təşkil edir. İndi isə təsəvvür edin ki, bu məbləğ iki və ya üç dəfə artarsa nə qədər olacaq.
Qazın bahalaşması təkcə iqtisadiyyatın bir çox sahələrinin çöküşünə səbəb olmayacaq, həm də genişmiqyaslı bahalaşmaya gətirib çıxaracaq. Nəticədə vətəndaşlar qaz istehlakı üçün daha yüksək qiymət ödəməyə məcbur olacaqlar.
Digər ölkələrdən qaz idxalı ilə bağlı ümidlər isə əsassızdır. Rusiya qazına alternativ kimi İran qazı da uyğun deyil, çünki o, xeyli bahadır. Vaxtilə İran qazının idxal edilməməsinə görə əvvəlki hakimiyyətləri ittiham edən hazırkı hakimiyyət hakimiyyətə gəldikdən sonra bu məsələni tezliklə unudub.
Qaz Ermənistanın Rusiya ilə iqtisadi münasibətlərinin dəyişməsi halında üzləşə biləcəyi yalnız bir məhsuldur. Bu siyahı bununla məhdudlaşmır. Ermənistan məhsulları üçün əvəzolunmaz olan Rusiya bazarı da az əhəmiyyət kəsb etmir. Bütün bunlardan qəfil məhrum olmaq, hakimiyyətin və onun avropalı himayədarlarının istəyi naminə ölkəni növbəti böhranlara sürükləməkdən başqa bir şey deyil”, - deyə “168.am” yazıb.
Alpər Mövludoğlu
Ordu.az