Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Türkmənçaydan bu günədək: Rusiyanın mesajları və regional tarazlıq böhranı” başlıqlı məqaləsində yazıb.
Məqalədə bildirilir ki, bu, eyni zamanda Moskvanın regiondakı mövqelərinin zəifləməsi, Türkiyənin artan təsiri və ABŞ-nin mövcudluğunun genişlənməsi ilə bağlı narahatlıqlarını əks etdirir.
Qəzet yazır ki, Overçukun sözlərində təkcə Rusiya diplomatiyasının hazırkı mövqeyi deyil, həm də Moskvanın öz təsir zonasını qorumaq istəyinə uyğun olan tarixi-hüquqi yanaşmaları ifadə etmək cəhdi görünür.
“Overçuk bəyan edəndə ki, Ermənistanla Azərbaycan arasında bağlanmış razılaşmalar 1828-ci ildən, Türkmənçay müqaviləsinin imzalanmasından etibarən mövcud olan regional tarazlığı pozub, o, faktiki olaraq bütün regional təhlükəsizlik arxitekturasının tarixi tarixləndirilməsini yenidən qurur. Rusiya imperiyası ilə Qacarlar arasında bağlanmış bu müqavilə 1826-1828-ci illər Rusiya-İran müharibəsini başa çatdırdı və yeni sərhədlər müəyyən etdi. Həmin razılaşmaya əsasən İrəvan və Naxçıvan xanlıqlarının torpaqları Rusiya imperiyasına keçdi”, - deyə nəşr bildirib.
Məqalədə vurğulanır ki, Overçukun arqumenti həmin vaxtdan etibarən Araz çayının Rusiya ilə İran arasında razılaşdırılmış “coğrafi sərhəd”ə çevrilməsi və bu sərhədin ümumilikdə sabit qalması üzərində qurulub.
Qəzetin qənaətincə, bu tarixi istinad ilk baxışda göründüyündən daha dərin siyasi və hüquqi məna daşıyır.
“Türkmənçay müqaviləsi təkcə İrəvan quberniyasının yaradılmasının və “Şərqi Ermənistan”ın Rusiya hakimiyyəti altına keçməsinin əsası olmadı, həm də regionun hüquqi-siyasi sistemini müəyyənləşdirdi. Rusiya rəsmisi “1828-ci ildən etibarən mövcud olan regional tarazlıq”dan danışanda, faktiki olaraq iddia edir ki, Cənubi Qafqazın indiki vəziyyəti həmin tarixi istinad nöqtəsindən dəyərləndirilməlidir və bu müqavilənin əsaslarını nəzərə almayan hər hansı dəyişiklik “tarazlığın pozulması” sayılır”, - deyə nəşr yazıb.
Nəşr Overçukun bəyanatlarının xüsusilə Zəngəzurdan keçən yol və üçtərəfli işçi qrup məsələlərinə toxunarkən daha diqqətçəkən olduğunu yazıb.
Məqaləyə görə, Overçuk iddia edib ki, Rusiyanın baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupdakı iştirakı bütün tərəflərin maraqlarını balanslı şəkildə müzakirə etməyə imkan verirdi, Ermənistanın suverenliyi, yurisdiksiyası, ərazi bütövlüyü və iqtisadi maraqları da nəzərə alınırdı.
Qəzet bunu Ermənistan hakimiyyətinin son addımlarına, Rusiya vasitəçiliyindən imtina edərək Bakı ilə müstəqil danışıqlara başlamaq cəhdinə işarə kimi qiymətləndirib.
“Overçukun sözlərində Moskvanın narazılığı görünür ki, Ermənistan Rusiya olmadan hərəkət etməyə qərar verib və Rusiya baxımından bu, “tarazlığı pozub””, - deyə yazıda vurğulanıb.
“Past” yazır ki, Overçukun “Amerika dəvəti” barədə dedikləri Ermənistanın qərbyönlü siyasətinə və ABŞ-nin iştirakının güclənməsinə eyhamdır. Beləliklə, Moskva “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsi kontekstində Cənubi Qafqazda, xüsusilə də Türkmənçay müqaviləsindən etibarən rus təsir zonası sayılan Arazın şimal sahili boyunca ABŞ təsirinin genişlənməsindən açıq narahatlıq ifadə edir.
Məqaləyə görə, Overçuk dəmir yolu infrastrukturu məsələsinə də toxunaraq bildirib ki, Ermənistan bu layihənin Rusiya olmadan həyata keçiriləcəyini elan etdikdən sonra Türkiyə artıq Naxçıvana doğru dəmir yolunun tikintisinə vəsait xərcləməyə başlayıb, Mehri hissəsinin bərpası perspektivləri isə daha az aydın olub.
“Bu, Türkiyə və Azərbaycanın Mehri vasitəsilə Azərbaycanla Naxçıvanı birləşdirən, özlərinin arzuladığı yolu yaratmaq səylərinə birbaşa işarədir. Rusiya tərəfi israr edir ki, bütün bunlar Ermənistana təzyiqdir və Rusiyanı dəmir yolunun açılması ilə bağlı danışıqlardan kənarda saxlamaq böyük səhv idi”, - deyə nəşr vurğulayıb.
Qəzet hesab edir ki, bu açıqlamalar daha geniş kontekstdə dəyərləndirilməlidir.
Məqaləyə görə, Moskva tarixi reallıqlara və müqavilələrə söykənərək Cənubi Qafqazda əsas vasitəçi və zəmanətçi rolunu saxlamağa çalışır.
“Regional mənada Rusiya rəsmisinin bu bəyanatları göstərir ki, Cənubi Qafqazda dərin geosiyasi yenidənqurma gedir. Uzun illər boyu regionun mübahisəsiz hegemonu sayılan Rusiya indi Türkiyənin artan təsiri, ABŞ-nin güclənən iştirakı, Azərbaycanın daha çox müstəqil hərəkət etmək istəyi və Ermənistanın qərbyönlü siyasəti kimi bir sıra çağırışlarla üz-üzədir.
Bu mənzərədə Türkiyənin rolu xüsusi əhəmiyyət daşıyır. Ankara fəal şəkildə Azərbaycana dəstək verir və Naxçıvana doğru dəmir yolunun tikintisinə sərmayə qoyur. Bu isə onu göstərir ki, Türkiyənin strategiyası Rusiyanın mövqeyindən asılı olmayaraq Zəngəzur dəhlizinin yaradılmasına yönəlib.
Bu o deməkdir ki, Ankara Azərbaycanın 2020-ci il qələbəsini regionun geometriyasını yenidən qurmaq və türk təsirini Xəzərə və Mərkəzi Asiyaya qədər genişləndirəcək yeni marşrutlar yaratmaq imkanı kimi istifadə etməyə çalışır. Türkiyənin də imzaladığı Moskva və Qars müqavilələri indi bu yeni strategiyanın qarşısında maneə kimi qiymətləndirilir və Ankara onları aşmaq və ya yenidən şərh etmək yollarını axtarır”, - deyə məqalədə qeyd olunub.
Nəşr bildirib ki, bu vəziyyətdə İranın mövqeyi də mühümdür.
Məqaləyə görə, Overçuk bildirib ki, Rusiya danışıqlarda iştirak edəndə İran təhlükə hiss etmirdi, lakin indi vəziyyət dəyişib.
“Eyni zamanda, Türkmənçay müqaviləsinə istinad da göstərir ki, vaxtilə həmin müqavilənin geosiyasi tərəflərindən biri olmuş İranın da regionda öz maraqları ola bilər.
Arazın şimal sahilində ABŞ təsirinin artması və Zəngəzur dəhlizinin formalaşması ehtimalı İranda narahatlıq doğurur. Çünki bu, Azərbaycanla Türkiyənin İran ərazisini kənardan keçməklə birbaşa əlaqəsi demək olacaq. Tehran üçün bu, təkcə iqtisadi yox, həm də təhlükəsizlik məsələsidir. Çünki pantürkizm ideologiyası İran üçün də təhdid sayılır”, - deyə “Past” yazıb.
Alpər Mövludoğlu
Ordu.az