Erməni politoloq: “Putin Paşinyan üçün ən narahatedici məsələni açıq şəkildə işarə etdi”

2026/04/1775207062.jpg
Oxunub: 355     14:50     15 Aprel 2026    
“Nikol Paşinyan, görünür, Ermənistanın siyasi proseslərində Rusiyanın rolunu vaxtından əvvəl “hesabdan silməyin” səhv olduğunu anlayıb və hakimiyyətini sığortalamaq məqsədilə tələsik Moskvaya gedib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyants Paşinyan-Putin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda seçkilər keçiriləcək və Nikol Paşinyan Moskvadan gələ biləcək mümkün risklərdən özünü sığortalamaq istəyirdi.

“Lakin məncə daha qlobal səbəb var: İran ətrafında baş verən hadisələr regionda, xüsusilə Ermənistan ətrafında müəyyən təhlükəsizlik boşluğu yaradıb. Çünki İran müharibəsinin ən ehtimal olunan inkişaf ssenarilərindən bir neçəsi halında TRIPP (Zəngəzur dəhlizi-red.) öz perspektivini itirir, qeyri-müəyyən hala düşür. Halbuki Paşinyan öz “sülh fəlsəfəsini” məhz TRIPP üzərində qurmuşdu.

O, yəqin ki, başa düşüb ki, Rusiyanı vaxtından əvvəl “oyundan çıxarmaq” düzgün deyildi və müəyyən məsələləri dəqiqləşdirmək, hakimiyyətini sığortalamaq üçün Moskvaya tələsib. Mən xüsusilə sonuncu versiyanı daha inandırıcı hesab edirəm. Başqa sözlə, o anlayıb ki, onun bütün təbliğatı, “sülh”lə bağlı mifləri və tezisləri dağılmaq üzrədir və bu şəraitdə Rusiya amili xüsusilə vacib ola bilər”, - deyə Surenyants qeyd edib.

O, Kremlin kameralar qarşısında baş tutan danışıqların məzmununa və Rusiya prezidentinin hətta açıq hissədə bir çox məsələlər barədə birbaşa danışmasına təəccüblənmədiyini bildirib.

Surenyants deyib ki, xüsusilə, Putin Ermənistanda gedən proseslərdən narazılığını, Rusiya vətəndaşı olan Samvel Karapetyanın azadlıqdan məhrum edilməsini, KTMT ilə bağlı narazılıqları xatırladıb, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını qeyd edib, həmçinin Rusiyanın Ermənistana daha aşağı qiymətə qaz satmasını, ikitərəfli ticarət dövriyyəsini, Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını və digər məsələləri vurğulayıb.

Erməni politoloqun sözlərinə görə, nəhayət, Nikol Paşinyanın öz avantürist siyasətinin nəticələri ilə üzləşmək vaxtı çatıb.

“Biz deyirdik ki, bütün yumurtaları bir səbətə, bu halda Qərbə qoymaq və bunun Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcəyini düşünmək olmaz. Bəli, dünənki görüş hətta açıq hissədə çox birbaşa idi və yəqin ki, çoxları üçün gözlənilməz oldu, çünki müzakirə edilən mövzular Ermənistan-Rusiya münasibətlərindəki böhranı tam şəkildə əks etdirirdi. Açıq danışaq. Bəli, müəyyən mənada “rəsmi diplomatiya” elementləri də var idi və hər iki tərəf Ermənistan-Rusiya münasibətlərinin əhəmiyyətini vurğulayırdı, lakin bununla yanaşı problemlər də çox açıq şəkildə səsləndirildi. Putin nə deyirdi? Bu, yəqin ki, Paşinyan üçün ən narahatedici məqam idi, çünki onun siyasətinin iflasını göstərirdi.

O, Ermənistan iqtisadiyyatının Rusiyadan, xüsusilə ticarət və enerji resurslarından ciddi asılı olduğunu təsvir edirdi. Putin haqlı olaraq qeyd edirdi ki, Rusiya Avropa ölkələrinə qazı 1000 kubmetr üçün 600 dollara satır, Ermənistan üçün isə bu qiymət 177,5 dollardır.

Biz dəfələrlə demişik ki, bu avantürizmin bir qiyməti olacaq. Rusiya prezidenti açıq şəkildə işarə edirdi ki, əgər Rusiya Ermənistanla münasibətlərdə dostluq yanaşmasından çıxaraq bazar mexanizmləri ilə hərəkət etsə, Ermənistan iqtisadiyyatı nə qədər davam gətirə bilər?

Mən demirəm ki, qazın qiyməti 600 dollara çatsın, təsəvvür edin ki, hətta 250-300 dollar olsa belə, hazırkı 177,5 dollar əvəzinə Ermənistan iqtisadiyyatı hansı kollapsla üzləşər. Rusiya açıq şəkildə göstərir ki, Ermənistanın siyasətinə təsir etmək üçün alətləri var. Moskva eyni zamanda diplomatik şəkildə qeyd edir ki, seçim etmək Ermənistanın hüququdur”, - deyə Surenyants bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Paşinyan   Putin  


Bizi "telegram"da izləyin