İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək, tarix açıqlanıb

2025/10/1761476356.jpg
Oxunub: 381     16:44     26 Mart 2026    
2026-cı il mayın 4-5-də İrəvanda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında ilk sammit keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Ermənistanı Baş nazir Nikol Paşinyan, Avropa İttifaqını isə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen təmsil edəcək.

Qeyd edilib ki, sammit ərəfəsində, mayın 4-də Koşta və fon der Lyayen İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində də iştirak edəcəklər.

Bildirilib ki, Ermənistan-Aİ sammitinin diqqət mərkəzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, xüsusilə iqtisadiyyat, energetika, nəqliyyat, rəqəmsallaşma və humanitar sahələrdə əməkdaşlıq məsələləri dayanacaq. Liderlər, həmçinin Cənubi Qafqazda sülh, təhlükəsizlik, kommunikasiyaların bərpası və firavanlığın təmin edilməsi istiqamətində əldə olunan tərəqqini, eləcə də mövcud qlobal çağırışları müzakirə edəcəklər.

“Bu sammit son illərdə ikitərəfli tərəfdaşlıqda müşahidə olunan görünməmiş dinamikanı əks etdirir. Hazırda Aİ ilə münasibətlər 2021-ci ildə qüvvəyə minmiş “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi” (CEPA) və 2025-ci ilin dekabrında qəbul edilmiş “Strateji Tərəfdaşlıq Gündəliyi” əsasında inkişaf edir.

Viza liberallaşdırılması: 2024-cü ilin sentyabrında Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə dialoqa start verilib.

Yüksək səviyyəli görüşlər: 2025-ci il iyulun 14-də Nikol Paşinyan Brüsseldə Antoniu Koşta və Ursula fon der Lyayen ilə görüşərək inkişaf edən tərəfdaşlığı bir daha təsdiqləyib.

Sülh prosesi: 2025-ci ilin avqustunda Aİ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasını və bəyannamənin imzalanmasını alqışlayıb. Avropa İttifaqı regionda kommunikasiyaların tam açılmasına və dayanıqlı sülhün bərqərar olmasına investisiyalar vasitəsilə dəstək verməyə hazır olduğunu bəyan edib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin