“İrəvanda hərbi parad keçiriləcək” - Paşinyan

2026/03/1774525348.jpg
Oxunub: 463     15:39     26 Mart 2026    
“Mayın 28-də Ermənistanın Birinci Respublikasının günü münasibətilə İrəvanın Respublika meydanında hərbi parad keçiriləcək”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bu, daha çox hərbi parad yox, Ermənistan vətəndaşları qarşısında hesabat xarakteri daşıyır.

Ermənistanın Baş naziri qeyd edib ki, bu, vətəndaşlar üçün təsirli bir mənzərə olacaq.

Paşinyan bildirib ki, parad çox həssas məsələdir və sülh gündəliyindən imtina edilməsi təəssüratı yarada bilər. “Bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla işləyirik, çünki hərbi parad çox həssas mövzudur və sülh gündəliyindən uzaqlaşdığımız və ya imtina etdiyimiz təəssüratını yarada bilər”, - deyə o bildirib.

Ermənistan KİV-ləri qeyd edir ki, müstəqil Ermənistanda hərbi paradlar hər 5 ildən bir və yalnız Müstəqillik Günündə keçirilirdi. Sonuncu parad 2016-cı il sentyabrın 21-də, yəni “məxməri inqilab”dan əvvəl baş tutub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin