Ermənistan Baş naziri: “Bu, imperiya vətənpərvərliyinin, stalinçi vətənpərvərliyin təzahürüdür”

2026/03/1773921803.jpg
Oxunub: 458     13:41     26 Mart 2026    
“Müstəqilliyin ilk günlərindən etibarən ən çox istifadə olunan termin və əsas problem miqrasiya olub, bu bizim problemimizdir, lakin biz bu problemi tanımamışıq və tanımırıq, bunun nə olduğunu bilmirik”.

Ordu.az xəbər verir ki, bunu bu gün hökumətin iclasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Üstəlik, xalq bu problemlə dövlətdən və şərti olaraq elitar dairələrdən daha çox üz-üzə qalır və onu anlamağa çalışır. Çünki həmin dairələr bu prosesin bir hissəsidir, imperiya siyasətinin tərkib hissəsidir, şüurlu və ya şüursuz şəkildə Ermənistanın müstəqil, suveren, inkişaf etmiş və azad dövlət kimi formalaşmasına mane olan mexanizmin içindədir. Bu, Ermənistanın təhlükəsizliyi üçün təhdiddir.

Bu nə hadisədir ki, insan Ermənistanda doğulub, böyüyüb, məsələn, Qacaran və ya Dilicanda yaşayır, amma soruşanda deyir ki, mən Vandanam. Bu, imperiya vətənpərvərliyinin, stalinçi vətənpərvərliyin təzahürüdür. Bu, Stalinin ictimai şüurumuza yeritdiyi vətənpərvərlik modelidir. Biz siyasi səviyyədə sülh qurmuşuq, amma sülhün qorunmasından danışanda bu o deməkdir ki, sosial-psixoloji səviyyədə də sakitləşməliyik. Əks halda sülhü tapmayacağıq, daha doğrusu, itirəcəyik. Bu ritorikanı davam etdirdikdə ətrafdakı hər kəslə konfliktə giririk, sonra anlayırıq ki, resurslarımız kifayət etmir və zəmanətçi axtarmağa başlayırıq. Nəyin hesabına? Öz suverenliyimiz, müstəqilliyimiz və dövlətçiliyimiz hesabına”, - deyə Paşinyan bildirib.

Ermənistan Baş naziri qeyd edib ki, 2020-ci ildən əvvəl sülh olmayıb, yalnız dondurulmuş müharibə olub.

“Bu da suverenliyimizin, müstəqilliyimizin, dövlətçiliyimizin, rifahımızın və inkişafımızın hesabına baş verib”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin