Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Üçmüədzin kilsəsinin dəstəyi üçün imza kampaniyası rekord qısa müddətdə 50 min imza toplayıb” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, bu qədər imzanın çox qısa müddətdə toplanması ictimai mobilizasiyanın səviyyəsini və kilsənin əsas milli institut kimi əhəmiyyətini açıq şəkildə göstərir.
“İmzaların sayının kəskin artması ali ruhani rəhbərliyə qarşı tətbiq olunan misli görünməmiş tədbirlərə ictimaiyyətin birbaşa reaksiyasıdır. Ermənistanın yeni tarixində ilk dəfə belə bir vəziyyət yaranıb ki, bütün ermənilərin katolikosu II Qareginin və Ali Ruhani Şuranın bir sıra üzvlərinin hərəkət azadlığı faktiki olaraq məhdudlaşdırılıb.
Hakimiyyətin tətbiq etdiyi ölkədən çıxış qadağası nəticəsində ali ruhani rəhbər mühüm beynəlxalq kilsə tədbirlərində, o cümlədən Gürcü kilsəsinin katolikos-patriarxı II İliyanın dəfn mərasimində iştirak edə bilməyib.
Cəmiyyətdə bu addımlar hüquqi prosedur kimi deyil, Üçmüədzin kilsəsini inzibati və diplomatik təcridə məruz qoymaq cəhdi kimi qəbul olunur. Ali ruhani rəhbərin beynəlxalq fəaliyyətinin məhdudlaşdırılması diaspor və xristian dünyası ilə əlaqələrə ciddi zərbə vurur və ölkəni qlobal səviyyədə ən təsirli səslərindən birindən məhrum edir”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, kilsə rəhbərinin hərəkətinin məhdudlaşdırılması ilə paralel olaraq hüquq-mühafizə orqanları yüksək rütbəli ruhani şəxslərə qarşı bir sıra cinayət işləri başladıb.
“Bu işlər çərçivəsində kilsə idarəçiliyində mühüm rol oynayan, cəmiyyət tərəfindən nüfuzlu hesab olunan şəxslərə ittihamlar irəli sürülüb. Onların sırasında Üçmüədzin kilsəsinin nümayəndəsi arxiyepiskop Arşak Xaçatryan, Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Miyayel Acapahyan, Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan və arxiyepiskop Baqrat Qalstanyan da var.
İctimaiyyətin xüsusi diqqəti həm də ona yönəlib ki, təzyiqlər təkcə ruhani şəxslərə deyil, onların yaxınlarına da şamil olunur. Katolikosun qardaşı və qardaşı oğluna qarşı cinayət təqibi, digər ruhani şəxslərin ailə üzvlərinə qarşı aparılan istintaq tədbirləri bir çoxları tərəfindən psixoloji və siyasi təzyiq vasitəsi kimi qiymətləndirilir. Belə bir vəziyyət cəmiyyətdə onlarla həmrəylik dalğasının güclənməsinə səbəb olub”, - deyə müəllif vurğulayıb.
Nəşr bildirib ki, bundan əlavə, kilsəyə dəstək verdiyinə görə erməni iş adamı Samvel Karapetyan da həbs olunub, bir neçə ay həbsdə qaldıqdan sonra hazırda ev dustaqlığındadır.
KİV qeyd edib ki, “Armspyurk.com” platformasında yerləşdirilən petisiyanı imzalayan 50 min nəfər cəmiyyətin müxtəlif təbəqələrini təmsil edir.
“İmzaların sürətlə artması göstərir ki, kilsəni və yüksək rütbəli ruhani şəxsləri nüfuzdan salmaq cəhdləri əks nəticə verib, parçalanma əvəzinə cəmiyyət vahid mövqedən çıxış etməyə hazır olduğunu nümayiş etdirib. İmzaların böyük hissəsi üçün bu gün kilsənin müdafiəsi həm də öz tarixinin və əsrlər boyu formalaşmış dəyərlərin müdafiəsidir.
Dövlət institutlarının milli təhlükəsizlik məsələlərində səmərəsizliyi ilə bağlı tənqid olunduğu şəraitdə kilsə faktiki olaraq dünyadakı erməniləri birləşdirə bilən son müstəqil dayaqlardan biri kimi qalır. Məhz buna görə də Üçmüədzinə qarşı informasiya hücumları və ruhani şəxslərin həbsi belə sürətli və kütləvi reaksiyaya səbəb olur.
Son həftələrdə Erməni Apostol Kilsəsi ətrafında baş verən hadisələr tarixi presedent yaradır. “Armspyurk.com” platformasında imza kampaniyasının bu qədər sürətlə yayılması göstərir ki, erməni cəmiyyəti ruhani rəhbərlərin təqibi qarşısında passiv qalmağa meylli deyil. Hər yeni imza kilsənin təsirinin məhdudlaşdırılması və ya arxiyepiskopların mövqeyinin cinayət işləri ilə zəiflədilməsi cəhdlərinin əksinə olaraq inananlar ilə Üçmüədzin kilsəsi arasındakı əlaqəni daha da möhkəmləndirdiyini göstərir.
İmza kampaniyası davam edir və onun miqyasını artıq nə ölkə daxilində, nə də xaricində nəzərə almamaq mümkün deyil”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az