Ermənistan KİV-i: Paşinyan hakimiyyəti qəzetlərin son nəfəsini də əlindən alır, layihə qəbul edilib

2026/03/1774503640.jpg
Oxunub: 431     09:38     26 Mart 2026    
Nikol Paşinyan hələ redaktor olduğu dövrdə, yəqin ki, yaxşı bilirdi ki, çap mediası təkcə informasiya vasitəsi deyil, həm də ictimai nəzarət, fikir toqquşması, arxiv və siyasi yaddaş institutu kimi çıxış edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri “Paşinyan hakimiyyəti qəzetlərin son nəfəsini də əlindən alır, layihə qəbul edilib” başlıqlı məqlaəsində yazıb.

Nəşr qeyd edib ki, lakin bu gün artıq baş nazir statusunda məhz onun hakimiyyəti çap mediasına həm də bazar rəqabəti ilə deyil, qanunvericilik müdaxiləsi vasitəsilə növbəti zərbəni vurur.

“Joğovurd” qəzeti öyrənib ki, martın 25-də Ermənistan parlamentində birinci oxunuşda hökumətin müəllifi olduğu “İnternet vasitəsilə ictimai və fərdi bildirişlər haqqında” və əlaqəli qanunlara dəyişikliklər paketi müzakirə olunub.

“Layihəyə əsasən, bildirişlərin və digər sənəd xarakterli elanların çap mediasında məcburi dərc edilməsi tələbinin ləğvi və bunun “azdarar.am” rəsmi saytı və ya müvafiq qurumun internet səhifəsində dərc ilə əvəz edilməsi təklif olunur. Layihənin məruzəçisi, ədliyyə naziri Srbuhi Qalyan izah edib ki, mövcud mexanizm artıq effektiv deyil və eyni zamanda ciddi xərclər yaradır. Bu yanaşma parlament müzakirələrinin rəsmi açıqlamalarında da eyni şəkildə təqdim olunub.

Hakimiyyət faktiki olaraq deyir ki, qəzet köhnəlib, artıq lazım deyil, prioritet “Azdarar”dır. Lakin burada incə, amma son dərəcə vacib bir məqam var: dövlət sadəcə texniki həlli dəyişmir, həm də çap mediasının yaşamasını təmin edən mənbələrdən birini aradan qaldırır. Bu mənbə illər boyu qəzetlərin minimum iqtisadi dayanıqlığını qorumağa kömək edirdi. Yəni məsələ təkcə bildiriş formatı deyil, həm də çap mediasının maliyyə dayaqlarından birinin aradan qaldırılmasıdır”, - deyə nəşr qeyd edib.

Müəllif yazıb ki, hakimiyyətin əsaslandırması ilk baxışda cəlbedici görünə bilər: rəqəmsallaşma, sürət, xərclərin azaldılması.

“Lakin əslində bu, “effektivlik” adı altında bütöv bir sahənin yaşama imkanlarının məhv edildiyi növbəti haldır. Çünki dövlət həqiqətən ictimai məlumatlandırmanı düşünürdüsə, bir zərbə ilə qəzetlərin rolunu sıfırlamaq əvəzinə keçid və birləşdirilmiş mexanizm yarada bilərdi: həm rəqəmsal, həm də çap. Amma ən sərt variant seçilib, bütün axın internet platformalarına köçürülür.

Bu, həm də siyasi qərardır. Hakimiyyət uzun müddətdir göstərir ki, müstəqil və tənqidi media onun üçün demokratik zərurət deyil, əlavə səs-küydür. Çap mediası isə məhdud imkanlarına baxmayaraq, hələ də gündəlik alqoritmlərin diktəsindən, sosial şəbəkə manipulyasiyalarından və dövlətin nəzarətində olan rəqəmsal mühitdən kənarda qalan platformadır. Qəzeti sevməmək, oxumamaq olar, amma dövlətin inzibati qərarlarla onu iqtisadi cəhətdən mənasız etməyə haqqı yoxdur”, - deyə nəşr vurğulayıb.

KİV yazıb ki, ən kəskin ziddiyyət məhz Nikol Paşinyanın timsalında özünü göstərir.

“Mətbuatdan siyasətə gəlmiş bir şəxs bu gün faktiki olaraq öz hökumətinin vasitəsilə çap mediasının tamamilə kənara sıxışdırılmasında iştirak edir. Bu artıq sadəcə siyasət deyil, bioqrafik ziddiyyətdir. Vaxtilə medianın dəyərini anlayan redaktor bu gün ya səssiz qalaraq, ya da razılıq verərək onun son nəfəsinin kəsilməsini izləyir.

Nəticə etibarilə, bu sadəcə qanun layihəsi deyil. Bu, çap mediasına, tənqidi sözə və illər boyu ictimai müzakirələrin əsas hissəsi olmuş mühitə münasibətdir. Bu layihə qanuna çevrildikdə demək olar ki, Paşinyan hakimiyyəti növbəti dəfə medianın müxtəlifliyini qorumağı deyil, dövlət qərarı ilə onu daraltmağı seçdi.

Beləliklə, keçmiş redaktorun hakimiyyəti dövründə çap mediası dəstək deyil, yeni zərbə alır. Və bu zərbə ən həssas nöqtəyə, onun yaşama mənbəyinə dəyir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin