Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Seçkiöncəsi daha bir “vizyon” – bir il əvvəl isə “ehtiyac yox idi” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Ermənistan hökuməti vergidən yayınma hallarında cinayət məsuliyyətinin iri və xüsusilə iri hədlərinin yenidən nəzərdən keçirilməsini, bir və ya bir neçə vergi ili üzrə formalaşmış öhdəliklərin fərqləndirilməsini təklif edir.
“Layihəyə əsasən müvafiq olaraq 10 milyon dramdan 30 milyon drama qədər (və ya 2 il üçün 45 milyon dram) və 20 milyon dramdan 50 milyon drama qədər (və ya 3 il üçün 75 milyon dram) daha yüksək hədlər müəyyən edilir.
Bir daha qeyd edək ki, hökumət bu təşəbbüsü təxirəsalınmaz hesab edib. Yəni bu, seçkilərə qədər qəbul olunmalıdır. Lakin məsələ ondadır ki, hələ 2025-ci il yanvarın 24-də “Ermənistan Mənəm” təşəbbüsü rəsmi şəkildə Ermənistan hökumətinə müraciət edərək Cinayət Məcəlləsinin 290-cı maddəsinin yenidən nəzərdən keçirilməsini təklif etmişdi. Təklif aydın idi, cinayət məsuliyyətinin həddi 50 milyon dram olaraq müəyyən edilsin, həmçinin qanunda göstərilsin ki, ödənilməmiş vergilərin, rüsumların və ya digər ödənişlərin tam şəkildə ödənilməsi (cərimələr hesablanmadan) məsuliyyətdən azad olunma üçün əsas ola bilər. Təklif bütün əsaslandırmaları ilə birlikdə təqdim edilmişdi və biznes mühitinin proqnozlaşdırıla bilməsini artırmağa, əlavə cinayət risklərini aradan qaldırmağa və iqtisadi fəaliyyəti stimullaşdırmağa yönəlmişdi. Lakin hökumət məsələni “yumşatmış”, dəyişikliklərin zəruriliyinin olmadığını bildirmişdi”, - deyə KİV qeyd edib.
Müəllifin sözlərinə görə, amma bu hökumətin praktikasında tez-tez olduğu kimi (məsələn, pensiyaların artırılması üçün bir neçə ay nə vəsait var idi, nə də ehtiyac, birdən “qəfil” artırmaq qərarı verdilər), bu halda da bir il sonra, parlament seçkiləri ərəfəsində “məlum olub” ki, bu dəyişikliklərə ehtiyac “yaranıb”.
“Üstəlik, məlum olur ki, bu dəyişiklik Dövlət Gəlirləri Komitəsinin “vizyonundan” irəli gəlir. Seçkilər ərəfəsində bir il əvvəl mövcud olmayan bu “vizyonun” necə ortaya çıxması düşündürücüdür. Əslində isə hər şey aydındır: bu, növbəti seçkiöncəsi “vizyon”dur və hökumət bunu böyük bir xidmət kimi təqdim etməyə çalışır. Halbuki mütəxəssislərin fikrincə, bu dəyişikliklər çoxdan edilməli idi. Amma seçkilərin də öz “qanunları” var”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az