Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan diaspordan qayıdanlarla görüş zamanı səsləndirib.
Onun sözlərinə görə, Ermənistan qonşu ölkələrdən böyük diasporunun olması ilə seçilir.
“Biz kiçik ölkəyik, mürəkkəb regionda yerləşirik və anlamalıyıq ki, hansı üstünlüklərimiz var, bizi qonşularımızdan və digər ölkələrdən fərqləndirən nədir. Aydındır ki, bizi əsas fərqləndirən diasporun mövcudluğudur. Ermənistandan kənarda yaşayan ermənilərin sayı ölkə daxilində yaşayanlardan iki dəfə çoxdur. Bu isə, əlbəttə, üstünlükdür. Bu üstünlüyü Ermənistanın və xalqın xeyrinə istifadə etmək üçün siyasət hazırlanmalı idi ki, diasporun potensialı ümumi gücümüz üçün işləsin. Mən kifayət qədər çətin vəziyyət miras almışdım, Daşnaksütun ilə münaqişə var idi və diasporla münasibətlər müəyyən qədər zədələnmişdi. Bunları düzəltmək lazım idi, qərar isə çox praqmatik idi. Sadəcə həm ölkə daxilində, həm də xaricdə anlaşılan siyasət hazırlamaq lazım idi və bu, mümkün oldu. Buna “ümumerməni təşəbbüsləri” adını verdik və münasibətlərin normallaşdırılmasında ilk addım Ermənistan-diaspor forumu oldu”, - deyə Köçəryan qeyd edib.
Köçəryan bildirib ki, onlar diasporla ortaq maraq nöqtələri tapmağa çalışıblar və razılaşaraq birlikdə irəliləyiblər: “Mən həmişə düşünmüşəm ki, diaspor çoxşaxəlidir, müxtəlif ölkələrin təsiri altındadır və əgər onu idarə etməyə çalışan bir struktur yaradılsaydı, bu, mütləq gərginlik yaradardı”.
Onun sözlərinə görə, əsas məqsəd Ermənistanı diaspor üçün cəlbedici ölkəyə çevirmək idi.
“Elə bir ölkə ki, diaspor üçün maraqlı olsun, Ermənistan isə diasporun iqtisadi potensialından, təcrübəsindən və əlaqələrindən istifadə edərək güclənsin. Bu o qədər aydın məsələdir ki, bəzən təəccüblənirdim ki, niyə bu potensial əvvəllər istifadə olunmayıb. Daha sonra digər təşəbbüslər başladı: Ümumerməni oyunları, “Bir millət, bir mədəniyyət” festivalı və sair. Diaspor bunu dərhal qəbul etdi və fəal şəkildə qoşuldu, buna görə diasporumuza təşəkkür edirəm”, - deyə Köçəryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az