Mirzoyan Rusiya ərazisinə giriş qadağası ilə bağlı: “İzahat tələb edəcəyik”

2026/03/1774254580.jpg
Oxunub: 478     19:56     25 Mart 2026    
“Martın 26-27-də Aşqabadda keçiriləcək parlamentlərarası dialoqda Ermənistanı təmsil etmək şərəfinə nail olmuşdum, lakin Rusiya aviaşirkəti biletləri ləğv etdi. Mən diplomatik pasportla səfər edirdim”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı hakim fraksiyanın deputatı Marina Qazaryan deyib.

O, Ermənistan xarici işlər naziri Ararat Mirzoyana müraciət edərək deyib: “Sizcə, Ermənistan izahat tələb etməlidirmi? İkincisi, Ermənistanın vəzifəli şəxsinin barəsində yanlış addım atılıb. Mən diplomatik fəaliyyət həyata keçirirdim və Rusiyanın ərazisinə daxil olmayacaqdım, uçuşum tranzit olmalı idi. Üçüncü sualım isə budur: bu halda Ermənistan hansı addımları atmalıdır?”.

Cavab olaraq Ararat Mirzoyan deyib: “Açığını desəm, bu hadisə barədə mənə məlumat verilib və biz, təbii ki, detalları sizinlə və parlament aparatının əməkdaşları ilə dəqiqləşdirdikdən sonra rəsmi diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə müraciət edərək izahat tələb edəcəyik.

Əgər bu, Rusiya Federasiyasının mövqeyidirsə, eyni zamanda həmin mövqeyin dəyişdirilməsini də təklif edəcəyik və hesab edirəm ki, bu mərhələdə məsələ minimum bu qədər cavablandırılmış sayılır.

Lakin qabağa gedərək məsələyə daha geniş baxmaq istəyirəm. Təəssüf ki, bu, ilk hal deyil ki, Rusiya Federasiyasının müəyyən qurumlarının nümayəndələri tərəfindən Ermənistanı təmsil edən vəzifəli şəxslərin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı məlumatlar eşidirik. Məsələn, hazırda yadıma düşən hallardan biri də yerli özünüidarəetmə orqanlarından olan Artik şəhərinin merinin başına gələn hadisədir. Belə hallar, əlbəttə ki, təəssüf doğurur”.

Mirzoyanın sözlərinə görə, sonra isə Ermənistan əleyhinə qarışıq və ya hibrid fəaliyyətlərin müəyyən hissəsinin məhz həmin dövlətdən qaynaqlandığını deyəndə təəccüblə baxırlar və deyirlər ki, bunu necə demək olar.

“Hibrid fəaliyyətlərdən danışarkən mütləq şəkildə ölkənin ali rəhbərliyi tərəfindən idarə olunan konkret addımları nəzərdə tutmaq lazım deyil. Hamıya məlumdur ki, Rusiya mediasında da Ermənistanın qanuni seçilmiş hökuməti və baş naziri haqqında qeyri-münasib ifadələr səsləndirilir, bu da müxtəlif səviyyəli rəsmilər tərəfindən edilir.

Bu, Rusiya-Ermənistan dostluq münasibətləri üçün yaxşı deyil və biz mövqeyin dəqiqləşdirilməsini xahiş edəcəyik”, - deyə Ermənistan XİN rəhbəri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Rusiya  


Bizi "telegram"da izləyin