Paşinyan: “Ukraynanın təhlükəsizlik zəmanətçisi Rusiyadır, bizimki isə KTMT idi və o, 2020-ci ildə bizi fəlakətə apardı”

2026/03/1773921803.jpg
Oxunub: 484     19:14     25 Mart 2026    
Martın 25-də parlamentdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan 2015-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən nəşr olunmuş “Erməni tarixi”nin üçüncü cildindən sitatlar gətirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Kitabın müəllifləri Leoya istinad edərək qeyd edirlər: “Sənədlərin və fikirlərin məntiqi birləşməsi ilə o, böyük dövlətlərin dünya bölgüsü və yeni müstəmləkələr uğrunda apardıqları diplomatik oyunları erməni məsələsi kontekstində təqdim edir.

Tarixçinin bu fikirləri zamanın sınağından keçib ki, böyük dövlətlər üçün erməni məsələsi sadəcə Osmanlı imperiyasına təzyiq göstərmək və onun daxili işlərinə müdaxilə etmək vasitəsi olub.

O, faktlarla göstərir ki, həmin dövlətlər 1890-cı illərdə və 1915-1916-cı illərdə qərbi erməniləri (Türkiyədə yaşayan erməniləri nəzərdə tutur-red.) nəinki qorumayıblar, əksinə, XX əsrin ilk “soyqırımı”nın (qondarma-red.) iştirakçılarına çevriliblər”.

Görürsünüzmü, bunlar yazılıb. Tarixlə bağlı çox mübahisələr var, amma mən bu cildin müəlliflərinə təşəkkür etmək istəyirəm, çünki faktlar dəqiq təqdim olunub və nəticə çıxarmaq imkanı verilib”, - deyə Paşinyan bildirib.

Müxalifətin “zəmanətçi” ilə bağlı iddialarına toxunan Paşinyan deyib: “Zəmanətçi haqqında danışıq o deməkdir ki, bu sülh bizim deyil, kimsə gəlib buna sahib çıxmalıdır. Kimdir o? Kim istəyir bu sülhə sahib çıxsın?

Buna görə də biz deyirik ki, sülhə xalq sahib çıxmalıdır, çünki bu sülh bizimdir və xalqımız bu sülhə öz əzabları və itkiləri hesabına nail olub.

Ukraynanın təhlükəsizlik zəmanətçisinin kim olduğunu bilirsiniz? Rusiyadır. Kiprin təhlükəsizlik zəmanətçiliyində kim rol oynayıb? Türkiyə.

Bizim isə 2020-ci ildə təhlükəsizlik zəmanətçimiz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı idi və məhz bu təşkilat bizi fəlakətə apardı. İnanmırsınızsa, Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıda səfəri zamanı verdiyi açıqlamaya baxın.

İndi isə biz bu yoldan uzaqlaşmışıq və bizə deyirlər: “Haraya gedirsiniz?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin