Erməni deputat: “Ermənistanda “müharibə partiyası”nı Paşinyan təmsil edir”

2026/03/1773949832.jpg
Oxunub: 398     15:50     26 Mart 2026    
“Ermənistanda “müharibə partiyası”nı Nikol Paşinyan təmsil edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, Daşnaksütun təşkilatının üzvü Kristine Vardanyan deyib.

“Nikol Paşinyan elə rəhbərdir ki, onun idarəçiliyi dövründə ən çox müharibə və hücumlar qeydə alınıb. Bəlkə də ümumiyyətlə heç bir müharibə yoxdur və Paşinyan sadəcə erməni cəmiyyətini davamlı olaraq müharibə ilə hədələyir”, - deyə erməni deputat bildirib.

Vardanyanın sözlərinə görə, son dövrlərdə artıq Ermənistanı müharibə ilə hədələyən Nikol Paşinyandır.

“Normaldırmı ki, hansısa ölkənin rəhbərliyi öz xalqını davamlı olaraq müharibə ilə hədələsin? Ermənistanda elə bir rəhbər olmayıb ki, müharibə başladıb, müharibə gətirib. Əgər Paşinyan belə siyasət aparıbsa və bu, onun öz etirafıdırsa, bunu elə öz etirafı kimi qəbul etmək olar. Amma ondan başqa müharibə başladan yoxdur.

Əgər bizdən danışırsa, məsələn Daşnaksütun və ya ikinci prezident, onların hakimiyyəti dövrü ən sakit illər olub və həmin dövrdə heç bir müharibə qeydə alınmayıb. Necə olur ki, məhz onun dövründə ən çox müharibə və hücumlar baş verib, amma yenə də müharibələrdən danışır? Bəlkə o, hakimiyyətdə olmasa, bunlar da olmaz? Öz cəmiyyətini müharibə ilə hədələmək həmin cəmiyyətə qarşı cinayətdir”, - deyə o qeyd edib.

Vardanyan İrana qarşı davam edən müharibə və regiondakı vəziyyət fonunda Ermənistan üçün yüksək risklər gördüyünü bildirib və qeyd edib ki, İran-İsrail-ABŞ müharibəsi artıq Ermənistana birbaşa təsir göstərir. Onun sözlərinə görə, Nikol Paşinyan və ona tabe olan güc strukturlarının rəhbərləri isə Ermənistanın təhlükəsizlik risklərini və problemlərini kənara qoyaraq seçki kampaniyası ilə məşğuldur.

Müxalif erməni deputat parlament seçkilərinə xarici müdaxilə və “hibrid təhdidlər” mövzusuna da toxunub. O, xüsusilə qeyd edib ki, Paşinyan və komandası yalnız eyhamlarla danışır və bu eyhamlarla istiqaməti Rusiyaya yönəltməyə çalışır. Vardanyan, həmçinin Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın “seçkilər ərəfəsində xarici müdaxiləyə qarşı kömək etmək üçün Ermənistana “hibrid sürətli reaksiya qrupu” göndərəcəklər” bəyanatına münasibət bildirib.

Vardanyan bu missiyanı Ermənistanın daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib və eyni zamanda Kallas üçün “konstruktiv” təklif irəli sürüb:

“Olarmı ki, Ermənistan hakimiyyəti açıq və ictimai şəkildə bəyan etsin ki, “hibrid təhdidlər” haradan gəlir? Yoxsa gedib kiminsə qulağına pıçıldayıb, geri qayıdıb burada başqa cür danışırlar, Moskvaya gedəndə isə deyirlər ki, yox, sizi nəzərdə tutmuruq.

Olarmı ki, bunu açıq desinlər ki, hamı üçün aydın olsun, bu “hibrid təhdidlər” haradandır? Hər gün suverenlikdən danışırlar. Əgər hansısa paytaxtdan və ya güc mərkəzindən “hibrid təhdid” olduğunu müəyyən ediblərsə, niyə bunu açıq demirlər?

Bu nə deməkdir ki, Milli Təhlükəsizlik Xidməti açıqlama verir, hansısa ölkənin güc strukturlarının iştirakı ilə sxem aşkar etdiklərini detallı təsvir edir, amma demir hansı ölkədir? Qorxurlar? Bu nə hakimiyyətdir ki, “Rusiya” sözünü deməyə qorxur?

Bu nə suverenlikdir? Suverenlikdir, ya yox? Əgər Rusiyadan aşkar ediblərsə, niyə bunu açıq demirlər? Bu qədər qorxulu sözdür, yoxsa məqsəd oyuna yer qoymaqdır?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vardanyan  


Bizi "telegram"da izləyin