Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin təsisçisi, erməni ekspert Vitali Manqasaryan deyib.
Onun sözlərinə görə, kiberkəşfiyyat, radioelektron mübarizə və peyk nəzarəti sahəsində bu tandemin imkanları onlara “cərrahi dəqiqliklə” zərbələr endirməyə şərait yaradır.
“İsrail və ABŞ-nin ən güclü tərəfi inteqrasiya olunmuş kəşfiyyat sistemlərinin (HUMINT, SIGINT, kiber və peyk məlumatlarının vahid şəbəkədə birləşməsi) effektivliyidir. Bu sistem hədəfləri müəyyən etməklə yanaşı, zərbə vasitələrini real vaxt rejimində istiqamətləndirməyə imkan verir.
İran texnoloji və hava sahəsində geri qalsa da, ciddi müqavimət və strateji səbir nümayiş etdirir. Tehran orta mənzilli raketlərə və pilotsuz uçuş aparatlarına əsaslanan asimmetrik müharibə modeli qurub. Faktiki olaraq tək qalan İran bəzi sahələrdə problemlər yaşasa da, bunları qeyri-standart həll yolları ilə kompensasiya etməyə çalışır”, - deyə Manqasaryan qeyd edib.
Manqasaryan bildirib ki, İranın iradə faktoru xüsusi diqqətə layiqdir.
“Əgər hər hansı digər ölkə hərbi və elmi elitasında İranın yaşadığı səviyyədə itkilər versəydi, böyük ehtimalla daxili böhranla üzləşərdi. Lakin İran sabitlik nümayiş etdirir ki, bu da ən pis ssenarilərin illər öncə hesablandığını göstərir.
Türkiyə üçün İranın zəifləməsi həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə öz təsirini artırmaq üçün yeni imkanlar açır. Lakin Ankara İranın tamamilə çökməsində maraqlı deyil, çünki bu, qaçqın axını və kürd faktorunun aktivləşməsi kimi risklər yaradır.
Ermənistan regiondakı dəyişiklikləri diqqətlə izləməli və riskləri yenidən qiymətləndirməlidir. ABŞ ilə münasibətlərin dərinləşməsi vacib olsa da, bu, İran kimi həyati əhəmiyyətli bir tərəfdaşın zərərinə olmamalıdır. Ermənistan İrana humanitar dəstək (tibbi personal və ya xilasetmə qrupu) göndərməklə mənəvi jest etməlidir. Türkiyəyə humanitar yardım göndərən Ermənistanın eyni qətiyyəti İran üçün göstərməməsi anlaşılan deyil. Qonşunun evi yanarkən biganə qalmaq gələcəkdə öz evinin təhlükəsizliyini riskə atmaq deməkdir”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az