KİV: Ermənistanda hibrid müharibəyə qarşı mübarizə adı altında hibrid müdaxilə

2026/03/1773924956.jpg
Oxunub: 414     16:21     26 Mart 2026    
Avropa İttifaqı tərəfindən Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində hibrid çevik reaksiya qrupunun göndərilməsi təşəbbüsü dərhal bir sıra dərin və siyasi, institusional, informasiya və geosiyasi qatları əhatə edən suallar doğurur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Hibrid müharibəyə qarşı mübarizə adı altında hibrid müdaxilə” başlıqlı məqaləsində yazıb.

Nəşə görə, bu hadisə, ilk baxışdan Ermənistanın seçki mexanizmlərinin və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş dəstək kimi təqdim olunsa da, əslində kənardan təsir, xarici vektorların toqquşması və etimad sərhədlərini yenidən müəyyən edən mürəkkəb bir düyünü özündə ehtiva edir.

“Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın növbəti bəyanatı, belə bir qrupun Ermənistanın Baş nazirinin Aparatına və Təhlükəsizlik Şurasına kiberhücumlara və xarici informasiya manipulyasiyalarına qarşı mübarizədə dəstək verməli olduğunu bildirməsi, ilk baxışdan Ermənistana yardım və demokratiyanın inkişafına yönəlmiş addım kimi görünə bilər. Lakin əslində bu, kifayət qədər ziddiyyətli (yumşaq desək) təşəbbüsdür, çünki bir sıra əks mövqeləri və maraq toqquşmalarını üzə çıxarır. Müasir dünyada “hibrid təhdid” anlayışı geniş şəkildə istifadə olunur və klassik müharibə sərhədlərini keçmədən hərbi, kiber, informasiya və siyasi alətlərin birləşdirildiyi fəaliyyətləri təsvir edir. Bu yanaşma xüsusilə son illərdə Avropa siyasi diskursunda aktiv tətbiq olunaraq belə bir təsəvvür formalaşdırıb ki, demokratik proseslər, o cümlədən seçkilər yalnız fiziki deyil, həm də informasiya və kiber səviyyədə xarici müdaxilələrə məruz qala bilər.

Bu çərçivədə Aİ tərəfindən müxtəlif ölkələrə belə qrupların göndərilməsi “dayanıqlılığın” artırılması vasitəsi kimi təqdim olunur ki, bu model daha əvvəl Moldovada da tətbiq edilib. Bu model dövlət institutlarının böhranların idarə olunması, dezinformasiya ilə mübarizə və kibertəhlükəsizlik sahələrində imkanlarının inkişaf etdirilməsini nəzərdə tutur. Lakin həm Moldovada, həm də Ermənistan nümunəsində bu təşəbbüs birmənalı qarşılanmır və cəmiyyətin, eləcə də siyasi dairələrin müxtəlif təbəqələri tərəfindən ciddi tənqid olunur. Tənqidi mövqedə olan dairələr qeyd edir ki, burada müəyyən paradoks mövcuddur. Xarici təsirlərdən qorunmaq məqsədilə başqa bir xarici aktor dəvət olunur ki, bu da seçki prosesinə inamı gücləndirmək əvəzinə, əksinə, zəiflədə bilər”, - deyə müəllif bildirib.

KİV vurğulayıb ki, bu məntiqə əsasən, əgər seçki sistemi xarici gücün iştirakı ilə qorunursa, o zaman sual yaranır: bu sistem nə dərəcədə müstəqildir və bu, özü-özlüyündə xarici təsir deyilmi?

“Bu sual xüsusilə kiçik və orta dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir, çünki belə ölkələrdə suverenlik məsələsi çox vaxt daxili siyasi legitimliklə sıx bağlı olur. Tənqidçilər həmçinin vurğulayır ki, “hibrid müharibə” anlayışı bəzən siyasi alət kimi istifadə olunur və xarici təhdid obrazı yaradaraq daxili siyasi məqsədlərə xidmət edə bilər.

Bu baxımdan belə bir iddia irəli sürülür ki, bu cür təşəbbüslər hakimiyyət tərəfindən öz mövqelərini möhkəmləndirmək və ya xarici müdaxilə təhlükəsinə istinad edilərək müxalif qüvvələrin fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə oluna bilər. Bu isə “kart-blanş” anlayışını gündəmə gətirir, yəni xarici dəstək şərtsiz siyasi dəstəyə çevrilə bilər ki, bu da rəqabətli siyasi mühiti poza və daha da artıq Ermənistanın demokratiyasına zərər verə bilər. Belə bir vəziyyəti Ermənistanın daxili işlərinə xarici müdaxilə kimi qiymətləndirməmək mümkün deyil.

Ermənistan nümunəsində seçkilər ərəfəsində Aİ tərəfindən maliyyələşmə və xüsusi missiya ilə qrupun göndərilməsi məsələsi həm də geosiyasi ölçü qazanır. Ölkə mürəkkəb regional mühitdə yerləşir və burada müxtəlif güc mərkəzlərinin öz maraqları və təsir mexanizmləri mövcuddur. Bu şəraitdə istənilən xarici aktorun daxili siyasi proseslərdə fəallaşması dərhal geosiyasi siqnal kimi qəbul olunur”, - deyə nəşr bildirib.

Məqalədə qeyd edilib ki, digər tərəfdən, əslində hibrid təhdid ehtimalı şişirdilir, Aİ bunu Ermənistanın mövcud hakimiyyəti ilə birlikdə uydurur, mifləşdirir, “hibrid” düşmən obrazı yaradır və sonra onunla “cəsarətlə” mübarizə apardığını nümayiş etdirir.

“Aİ-ni ümumiyyətlə Ermənistanın demokratiyası maraqlandırmır, onu yalnız regionda öz mövqelərini möhkəmləndirmək düşündürür. Nəticədə belə çıxır ki, hibrid müharibəyə qarşı mübarizə adı altında faktiki olaraq hibrid müdaxilə həyata keçirilir”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin