“Past”: Paşinyan hərbi parad keçirməyi planlaşdırdığını təsdiqləyib

2026/03/1773809724.jpg
Oxunub: 475     14:54     26 Mart 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti təşviqat xarakterli səfəri zamanı faktiki olaraq hərbi paradabənzər tədbir keçirməyi planlaşdırdığını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Təbliğat xarakterli və yalnız “daxili istifadə” üçün silah nümayişi” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, Paşinyan bunu belə təqdim edib ki, guya artan xarici borc yalnız silahlanma məqsədlərinə xərclənib. O bildirib ki, yaxın vaxtlarda vətəndaşlara görülən işləri və əldə olunan silahları nümayiş etdirmək üçün ictimai təqdimat keçirilə bilər və bu tədbirin may ayında baş tutması ehtimal olunur. Onun sözlərinə görə, yalnız 2022-ci ildən sonra əldə olunan silahlar nümayiş etdiriləcək.

KİV bildirib ki, bu yanaşma təsadüfi deyil, çünki əvvəlki illərdə xalqın birgə səyləri ilə əldə edilmiş milyardlarla dollar dəyərində silah və sursat Paşinyanın siyasəti və müharibənin idarə olunması nəticəsində itirilib. Bununla yanaşı, hakimiyyətin məqsədinin əvvəlki dövrdə heç nəyin əldə olunmadığını göstərmək olduğu qeyd olunur.

“Paşinyanın seçkilər ərəfəsində bu addımı təbliğat məqsədilə atacağı gözlənilən idi. Lakin əsas məsələ onun bu addımı əvvəlcədən sanki üzr istəyərək izah etməsidir. Paşinyan bildirib ki, bu tədbir “sülh kontekstində” keçiriləcək və qonşu ölkələr tərəfindən aqressiya kimi qəbul edilməməlidir.

Bu açıqlamalar əslində Paşinyanın hərbi texnikanın nümayişi üçün Azərbaycan və Türkiyədən dolayı şəkildə razılıq istəməsi kimi qiymətləndirilir. Yəni, o, bu silahların həmin ölkələrə qarşı yönəlmədiyini göstərməyə çalışır və əsas məqsədinin daxili siyasi dəstək qazanmaq olduğu vurğulanır.

Bu yanaşma hərbi paradın belə yalnız seçki məqsədli addım olduğunu göstərir. Halbuki əvvəllər hərbi parad dövlətin gücünü və sabitliyini nümayiş etdirən mühüm rəmz hesab olunurdu”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin