Erməni politoloq: “İranın bugünkü müqaviməti Ermənistan üçün danışan nümunədir”

2025/06/1749108181.jpg
Oxunub: 435     12:20     26 Mart 2026    
“Dünya bu günlərdə İranın necə ABŞ-nin və İsrailin həyata keçirdiyi təcavüzə məruz qaldığını izləyir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hakop Badalyan yazıb.

Badalyan bildirib ki, burada əsas diqqət müharibənin siyasi və ya geosiyasi təbəqələrinə deyil, İranın müqavimətinin iqtisadi təməlinə yönəlməlidir.

Badalyan vurğulayıb ki, İranın bugünkü müqaviməti Ermənistan üçün danışan nümunədir.

“İranın müqavimətinin əsasında yalnız İran xalqının və elitasının iradəsi deyil, həm də İran iqtisadiyyatının potensialı dayanır. Söhbət 40 ildən artıqdır ən sərt beynəlxalq sanksiyalar altında yaşayan bir iqtisadiyyatdan gedir”, - deyə o qeyd edib.

Erməni politoloqun sözlərinə görə, buna baxmayaraq, İran bu illər ərzində elə bir sənaye potensialı formalaşdırıb ki, bu da ona nüvə supergücünə qarşı dayanmağa, cavab zərbələri endirməyə və uzunmüddətli müqavimət göstərməyə imkan verir.

“Bütün bunlar İranın sənaye imkanları sayəsində mümkündür. Məhz sənaye elə həcmdə hərbi məhsul istehsalını təmin edib ki, bu da müqavimət qabiliyyətini formalaşdırıb”, - deyə Badalyan vurğulayıb.

O qeyd edib ki, məsələ təkcə hərbi sənaye ilə məhdudlaşmır.

“Hərbi sənayeyə malik olmaq üçün əvvəlcə ümumilikdə yaşaya bilən sənaye kompleksi və sənaye ənənələri olmalıdır. Eyni zamanda təsəvvür etmək olar ki, əgər sanksiyalar olmasaydı və xarici investisiyalar üçün daha geniş imkanlar yaradılsaydı, İran iqtisadiyyatı nə qədər böyük potensiala sahib ola bilərdi”, - deyə erməni politoloq bildirib.

Badalyan qeyd edib ki, bu nümunə miqyas baxımından Ermənistanla eyni olmasa da, çağırışların məntiqi baxımından tam müqayisə edilə bilər.

“Nəticə etibarilə Ermənistan da elə bir təhlükəsizlik mühitindədir ki, oradakı çağırışlar onun potensialını bir neçə dəfə üstələyir. Buna görə də Ermənistan üçün də sənayeləşmiş iqtisadiyyat zəruridir ki, mümkün qədər özünütəminetmə təmin edilsin”, - deyə o bildirib.

Badalyan vurğulayıb ki, Ermənistan İrandan fərqli olaraq investisiya cəlb etmək üçün daha açıq mühitə malikdir və sanksiyalar altında deyil.

“Üstəlik, Ermənistan müəyyən mənada bundan da faydalanır ki, məsələn, Rusiya sanksiyalar altındadır. Amma Ermənistan bundan məhsuldarlıq, dəyər yaratmaq və sənaye potensialını inkişaf etdirmək məntiqi ilə yox, yalnız spekulyasiya məntiqi ilə yararlanır”, - deyə Badalyan qeyd edib.

Onun sözlərinə görə, nəticədə Ermənistanda ticarət və xidmət sahələrinin həcmi artır, amma sənaye və istehsal dəyəri yarada biləcək, iqtisadiyyata “ağır çəki” qazandıracaq xarici investisiyalar azalır.

“Çünki təhlükəsizlik baxımından mürəkkəb və qeyri-bərabər çağırışlar şəraitində dövləti dayanıqlı edən, məsələn, turizm deyil, sənayeləşmiş ağır iqtisadiyyatdır”, - deyə o vurğulayıb.

Badalyan hesab edir ki, əgər İran bu gün sənaye sahələrini inkişaf etdirmək əvəzinə yalnız turizm və xidmət sektorunu inkişaf etdirməyi düşünmüş olsaydı, qarşısındakı çağırışlara dözə bilməzdi.

“Bu isə o demək deyil ki, həmin sahələr inkişaf etməməlidir. Əksinə, bütün sahələr inkişaf etməlidir. Amma dövlətin ekzistensial möhkəmliyi haqqında danışarkən şübhə yoxdur ki, bunun əsası yalnız “ağır iqtisadiyyat” ola bilər”, - deyə erməni politoloq bildirib.

O qeyd edib ki, sənayeləşmiş iqtisadiyyat dedikdə yalnız tank və raket istehsalı nəzərdə tutulmur.

“Söhbət sənaye və istehsal potensialının inkişaf etdirilməsindən gedir. Çünki dövlətin dayanıqlığı kompleks hadisədir və o, yalnız tank və raketlərlə ölçülmür”, - deyə Badalyan qeyd edib.

Onun fikrincə, Ermənistan bu baxımdan, xüsusilə son dövrdə investorlarla işi uğursuz qurub və bunu investisiyaların azalması açıq şəkildə göstərir.

“Bu uğursuzluqlar isə xidmət sektoru ilə bağlı, demək olar ki, kult səviyyəsinə çatdırılmış söhbətlərlə və festival xarakterli ekzotika ilə ört-basdır edilir. Halbuki həyat qabiliyyətli və rəqabətqabiliyyətli dövlət olmaq üçün bu sahələr iqtisadiyyatın mühüm əlavə elementi ola bilər, amma heç vaxt onun lokomotivi ola bilməz”, - deyə Badalyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan   Badalyan  


Bizi "telegram"da izləyin