Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, erməni hərbi və təhlükəsizlik məsələləri üzrə ekspert Hayk Nahapetyan deyib.
O, İsrail-ABŞ-İran müharibə əməliyyatlarının gedişini və bunun Ermənistan üçün təhlükələrini təhlil edib.
“Ermənistan subyekt deyil. Bizim fikrimizi heç kim soruşmur. Təəssüf ki, belədir. Təhlükə ondadır ki, bizim ərazimiz hərbi əməliyyatlar teatrına çevrilə bilər. Əgər bu müharibənin coğrafiyası hər halda genişlənərsə və həmin coğrafiyaya nəzəri olaraq Azərbaycan da cəlb olunarsa, o zaman həmin coğrafiyada Ermənistan da mütləq şəkildə yer alacaq. Buna şübhə etməyin. Yalnız bu halda, başqa vəziyyətdə burada, necə deyərlər, bombalar düşməyəcək. Əgər Azərbaycan bu və ya digər formada bu qarşıdurmaya qoşularsa, Ermənistan bu qarşıdurmadan qaça bilməyəcək”, - deyə Nahapetyan bildirib.
Erməni hərbi ekspert İran-İsrail-ABŞ müharibəsinin ən pis ssenarisinin nüvə və ya atom müharibəsinə çevrilməsi olduğunu hesab edir.
“ABŞ kimi hərbi supergücün hesablaması qeyri-məntiqi idi. Onlar hesab edirdilər ki, əgər ilk gün İranın rəhbərliyi məhv edilərsə, İran təslim olacaq. Sizcə, bu məntiqsiz deyil? Faktiki olaraq İran təslim olmadı və ABŞ ilə İsrail ağır vəziyyətə düşdü. İndi ya məlum olacaq ki, “xilaskarın ikinci gəlişi” və ya “armageddon” blef idi, əgər buna əmin olsalar geri addım atacaqlar, əgər əmin olmasalar isə sona qədər gedəcəklər. Sona qədər getmək isə nüvə müharibəsi, yəni nüvə silahından istifadə deməkdir”, - deyə Nahapetyan bildirib.
O qeyd edib ki, əgər İsrail bu addımı atsa, bunun özü üçün də ağır nəticələri ola bilər.
“Əgər İsrail atəş açsa, prinsip etibarilə İsrail dövləti artıq mövcud olmaya bilər. Çünki İranın hipersəs sürətli raketləri var və onlarla İsrailin iki elektrik stansiyasına, iki böyük kimya zavoduna, səhrada yerləşən nüvə reaktoruna və nüvə anbarlarına zərbə endirə bilər”, - deyə Nahapetyan qeyd edib.
O bildirib ki, ABŞ-nin nüvə zərbəsi endirməsi halında nəticələrin miqyası daha ağır ola bilər.
“Əgər ABŞ nüvə zərbəsi endirsə, bilmirəm İranın əli nə qədər uzağa çatır. Əgər Amerika zərbə endirsə, mən bilmirəm sonra Yer planetinin taleyi nə olacaq. Əlbəttə, ABŞ-nin bu qədər ifrat addım atması az ehtimallıdır, lakin İsrail variantını istisna etmirəm”, - deyə o vurğulayıb.
Nahapetyanın sözlərinə görə, ABŞ və İsrail faktiki olaraq müharibədə uduzublar və indi “resurs müharibəsi” gedir.
“Bu müharibə dayanmalıdır. Bu, məntiqsiz müharibədir”, - deyə erməni hərbi ekspert əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az