Erməni politoloq: “TRIPP layihəsi ilə bağlı Ermənistan cəmiyyətində etimad yoxdur”

2026/03/1773467372.jpg
Oxunub: 344     17:48     26 Mart 2026    
“TRIPP (Zəngəzur dəhlizi-red.): etimad böhranı və qeyri-müəyyən perspektiv”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants sosial şəbəkə hesabında yazıb.

“Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi son sorğu bir mühüm reallığı üzə çıxarır: Ermənistan cəmiyyətində TRIPP layihəsinə, yəni “Tramp yolu” adlandırılan təşəbbüsə inam yoxdur”, - deyə o bildirib.

Surenyants qeyd edib ki, hakimiyyət son aylarda bu layihəni regional sülhün, Ermənistanın blokadadan çıxmasının və hətta dövlətçiliyin qorunmasının mühüm aləti kimi təqdim etməyə çalışsa da, ictimai əhval-ruhiyyə tamamilə fərqli mənzərə ortaya qoyur.

“Sorğunun nəticələrinə görə, respondentlərin 34 faizi TRIPP-in həyata keçirilməsinə qəti şəkildə qarşıdır, daha 13 faizi isə qismən əleyhinədir. Eyni zamanda layihəni respondentlərin 24 faizi tam, 20 faizi isə qismən dəstəkləyir. Bu rəqəmlər göstərir ki, cəmiyyətdə bu təşəbbüs ətrafında inamlı və sabit konsensus yoxdur. Üstəlik, ehtiyatlı və ya mənfi münasibət üstünlük təşkil edir”, - deyə o vurğulayıb.

Erməni politoloqun sözlərinə görə, bu, cəmiyyətin əhəmiyyətli hissəsinin hakimiyyətin TRIPP-in öz-özlüyündə sülhü, Ermənistan dövlətçiliyinin sabitliyini və ya regional kommunikasiyaların real açılmasını təmin edəcəyi barədə iddiasını qəbul etmədiyini göstərir.

“Bu etimadsızlığın daha dərin səbəbləri də var. TRIPP erməni strateji düşüncəsinin məhsulu deyil. O, böyük güclərin geosiyasi hesablamaları çərçivəsində formalaşıb və burada Ermənistan regional kommunikasiya və siyasi layihələrin həyata keçirilməsinə cəhd göstərilən bir məkan kimi çıxış edir.

Məhz buna görə cəmiyyətdə intuitiv bir hiss yaranır ki, təşəbbüs Ermənistanın uzunmüddətli strateji məqsədlərindən daha çox xarici oyunçuların maraqlarına xidmət edir”, - deyə Surenyants bildirib.

Surenyants qeyd edib ki, layihənin gələcəyi yalnız Ermənistanın daxili siyasi müzakirələrindən deyil, həm də regionda sürətlə inkişaf edən geosiyasi proseslərdən asılıdır.

“İran ətrafında artan gərginlik və hərbi eskalasiyanın genişlənməsi ehtimalı artıq TRIPP-in perspektivini daha da qeyri-müəyyən edir. ABŞ-nin və İsrailin strateji uğur qazanması və İranda Vaşinqton və Təl-Əviv üçün daha loyal hakimiyyətin formalaşması baş verərsə, regional kommunikasiya layihələrinin bütün məntiqi yenidən nəzərdən keçirilə bilər. Bu halda TRIPP-in indiki geosiyasi əhəmiyyəti azala bilər, çünki İran amili regional əks-çəki kimi ciddi şəkildə zəifləyəcək”, - deyə erməni politoloq bildirib.

Surenyants vurğulayıb ki, əksinə, İran xarici təzyiqlərə tab gətirib strateji mövqelərini qoruyarsa, ABŞ-nin belə layihələrin sabit icrası üçün lazım olan siyasi və təhlükəsizlik zəmanətlərini təmin etməsi çətin görünür.

“Belə olan halda TRIPP siyasi bəyanatlar və diplomatik müzakirələr səviyyəsində qala bilər”, - deyə o bildirib.

Surenyants qeyd edib ki, bu qeyri-müəyyənliyin Ermənistan üçün təhlükəsizlik nəticələri də var.

“Əgər regional kommunikasiya layihələri uzun müddət dayandırılmış və ya asılı vəziyyətdə qalarsa, o zaman proseslərin inkişafı daha geniş geosiyasi rəqabətin nəticəsindən asılı olacaq. Bu rəqabət isə bu gün bütün Yaxın Şərqin və Cənubi Qafqazın gələcəyini formalaşdırır”, - deyə Surenyants bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Ermənistan  


Bizi "telegram"da izləyin