“Hetq”: Kim Ermənistan səması ilə tranzit uçuşlar mövzusunda manipulyasiya edir?

2026/03/1773755017.jpg
Oxunub: 438     11:50     15 Aprel 2026    
Ermənistan Baş nazir Aparatının rəhbəri Arayik Harutyunyan martın 6-da Ermənistan səması ilə tranzit uçuşlar həyata keçirən təyyarələrlə bağlı manipulyativ açıqlama verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri yazıb.

Nəşr bildirir ki, Harutyunyan “Facebook” səhifəsində uçuşları onlayn izləyən “flightradar24.com” saytından bir görüntü paylaşaraq belə yazıb: “Siz ilk gündən “Sülh kəsişməsi”ni (Zəngəzur dəhlizi-red.) lağa qoyur, ölü doğulmuş layihə adlandırırdınız, indi öz iflasınızı hiss edirsinizmi? Yaxın illərdə TRIPP (Zəngəzur dəhlizi-red.) də açılacaq və Ermənistan çox vacib qovşaq kimi möhkəmlənəcək”.

Məqalədə vurğulanır ki, yüksək vəzifəli məmur Ermənistanın hazırkı hakimiyyətinin “Sülh kəsişməsi” proqramı ilə Ermənistan səmasından keçən uçuş axınının müəyyən artımı arasında səbəb-nəticə əlaqəsini göstərməyib və obyektiv olaraq da göstərə bilməzdi, çünki belə bir əlaqə sadəcə yoxdur.

“Fevralın 28-dən Yaxın Şərqdə müharibə vəziyyəti yaranıb və bu regionun hansı ölkəsinin hava məkanının formal olaraq mülki uçuşlar üçün açıq olmasından asılı olmayaraq, müharibəyə bu və ya digər şəkildə cəlb olunmamış üçüncü ölkələrin aviaşirkətləri uçuş və aviasiya təhlükəsizliyi baxımından Yaxın Şərqi, xüsusilə İranı, İraqı və Fars körfəzi ərəb ölkələrini, Səudiyyə Ərəbistanı və Oman istisna olmaqla, yan keçirlər”, - deyə “Hetq” yazıb.

KİV qeyd edir ki, ABŞ-nin, İranın və İsrailin müharibəsi başlamazdan əvvəl Avropadan Yaxın Şərqə, Hindistana, Cənub-Şərqi Asiyaya və Avstraliyaya uçuşlar İran, İraq, Qətər və BƏƏ üzərindən keçən hava magistralları ilə həyata keçirilirdi.

“Müharibə ilə paralel olaraq bu böyük axınlar dayanıb, nəticədə marşrutlar çox sürətlə cənuba və şimala yönəlib. Cənub marşrutu Misir-Səudiyyə Ərəbistanı-Oman xəttidir, şimal marşrutu isə Türkiyə-Gürcüstan/Ermənistan-Azərbaycan-Mərkəzi Asiya istiqamətidir.

Bu səbəb-nəticə əlaqəsini məhz “flightradar24.com” da qeydə alıb və artımın səbəbi “Sülh kəsişməsi”nin mövcudluğu deyil.

Aviasiyada, xüsusilə də mülki aviasiyada əsas şərt uçuş təhlükəsizliyi və aviasiya təhlükəsizliyidir. Sadə dillə desək, heç bir aviaşirkət və ya təyyarə təhlükəli, xüsusən də rəsmi şəkildə bağlanmış hava məkanına daxil olmur”, - deyə “Hetq” vurğulayıb.

Nəşr yazır ki, əgər Harutyunyanın məntiqi Ermənistanla Azərbaycan arasında hakimiyyətin təqdim etdiyi formada sülhün bərqərar olması və bunun tranzit uçuşların artmasına səbəb olmasıdırsa, bu da manipulyasiyadır.

“Üçüncü ölkələrin aviaşirkətlərini Ermənistanla Azərbaycan və ya Ermənistanla Türkiyə arasında hansı tarixi münaqişənin olması, həmin münaqişələrin həll edilib-edilməməsi, sülh müqaviləsinin imzalanıb-imzalanmaması maraqlandırmır. Əgər bu ölkələrin hava məkanı mülki uçuşlar üçün rəsmi şəkildə bağlanmayıbsa və aviaşirkətlər həmin ərazilər üzərindən uçmağı təhlükəsiz hesab edirlərsə, o zaman marşrut və aviasiya hesablamalarından asılı olaraq tranzit uçuşlar tamamilə normal, hətta sərfəli hesab olunur”, - deyə məqalədə bildirilib.

“Hetq” yazıb ki, martın 5-də PUA Ermənistan sərhədlərinə yaxın yerləşən Naxçıvan şəhərinin hava limanına zərbə endirəndən sonra Ermənistan səması ilə keçən tranzit axınların müəyyən hissəsinin ölkənin şimalına və Gürcüstan istiqamətinə yönəldiyi müşahidə olunub.

“Bu da bir daha sübut edir ki, hər şeyin əsasında ilk növbədə uçuş və aviasiya təhlükəsizliyi dayanır. Əgər bir müddət sonra Yaxın Şərqdə vəziyyət sakitləşərsə və təhlükəsizlik riskləri kəskin şəkildə azalarsa, Ermənistana yönəlmiş tranzit axınlar yenidən əvvəl keçdikləri ölkələrə qayıdacaq.

Niyə? Cavab sadədir: yol o zaman daha qısa olur. Kommersiya aviasiyasında isə qiymət formalaşmasının əsas amillərindən biri yanacaqdır. Yol nə qədər uzundursa, yanacaq sərfi və deməli maliyyə xərci də bir o qədər artır”, - deyə məqalədə qeyd olunub.

Bununla yanaşı, nəşr yazır ki, Ermənistan “Sülh kəsişməsi” proqramının olub-olmamasından asılı olmayaraq şimal-cənub marşrutu üzərində tranzit ölkə olub və olaraq qalır.

“Məsələn, Qətər və ya Əmirliklər aviaşirkətləri üçün Ermənistan Gürcüstana və ya Rusiyaya uçuşlar zamanı tranzit ölkədir, amma əlbəttə, yeganə variant deyil. Ermənistan, həmçinin Türkiyədən Mərkəzi Asiyaya uçuşlar üçün də tranzit ölkə olub və qalır, baxmayaraq ki, bu halda da alternativlər, ilk növbədə Gürcüstan var”, - deyə “Hetq” bildirib.

Nəşr xatırladıb ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Ukrayna səması mülki uçuşlar üçün bağlanıb, Avropa İttifaqı və Rusiya da qarşı tərəfin aviaoperatorlarına öz hava məkanına girişi qadağan edib.

“Bundan sonra Avropadan, xüsusilə Çinə və Uzaq Şərqə və əks istiqamətdə uçuşlar Belarus, Ukrayna və Rusiyanı yan keçməklə təşkil olunmağa başladı ki, bu da ilk növbədə bu ölkələrin cənub qonşuları olan Türkiyə, Gürcüstan və Azərbaycanın maraqlarına uyğun idi, çünki onlar bu yan keçən axınları qəbul edənlərə çevrildilər.

Ermənistan səması ilə tranzit uçuşların aktivləşməsinin səbəbi odur ki, həmin uçuşların Yaxın Şərqdən keçən ən optimal marşrutları hazırda təhlükəlidir və ya bağlanıb, buna görə də Ermənistan səması alternativ variantlardan birinə çevrilib. Bu faktı isə xüsusilə heç bir əsaslandırma olmadan öz siyasi komandasının xarici siyasət proqramı ilə əlaqələndirmək, üstəlik, bunu qarşıdan gələn parlament seçkiləri ərəfəsində etmək açıq siyasi-informasiya manipulyasiyasıdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harutyunyan   Ermənistan  


Bizi "telegram"da izləyin