Hazırda Çin Xalq Respublikası və Rusiya Federasiyası münasibətlərində müsbət və inkişaf edən bir mərhələ yaşayırlar. Çinin Prezidenti Si Cinpin və Rusiyanın Prezidenti Vladimir Putin artan “məhdudiyyətsiz dostluq” münasibətlərinin üstünlüklərini tərifləyiblər.
Tarixən isə Çinlə Rusiya dost olmayıb. Əksinə, onlar Rusiya ilə ABŞ kimi açıq rəqiblər olublar. Avrasiya qitəsində isə tarixi yaddaş Si və Putinin iddia etdiyi kimi asanlıqla unudulmur.
Bu gün Pekin və Moskva arasında diplomatik fərqlər az olsa da, iki qonşu arasındakı təbii ziddiyyətlərin yenidən üzə çıxaraq “məhdudiyyətsiz dostluğa” son qoyması və onu ənənəvi tarixi düşmənçilik və ərazi mübahisələri ilə əvəz etməsi üçün çox şey lazım deyil. Həqiqətən də, yaxın zamanda Çin dövlət mediası Rusiya Uzaq Şərqinin bəzi ərazilərini (Pekinə görə Çinin ayrılmaz tərkib hissəsi olması lazım olan yerləri) Çinin tərkibində göstərən xəritələr dərc edib. Bu xəritələr Moskvada təbii olaraq ciddi narahatlıq doğurub.
Rusiyanın dəniz gücü kəmiyyət deyil, keyfiyyət üstünlüyünə əsaslanır
Xəritəyə baxdıqda Rusiya Uzaq Şərqinin ən mühüm xüsusiyyəti Şimali Koreya və Çinin Heyluntszyan bölgəsinə bitişik olan strateji isti sulu Vladivostok limanıdır. Əgər hər hansı səbəbdən Çinlə Rusiya arasındakı ittifaq pozularsa və tərəflər Vladivostok üzərində nəzarət uğrunda münaqişəyə girərsə, nə baş verə bilər?
Əvvəlcə iki donanmanın nisbi güclərinə baxaq.
Rusiya Hərbi Dəniz Qüvvələrinin əsas üstünlüyü onilliklər ərzində formalaşdırdığı kiçik, lakin qabaqcıl sualtı qayıq qüvvəsidir. Bu qüvvə ilə yanaşı, rus sualtı heyətində yüksək peşəkarlıq və dənizçilik təcrübəsi formalaşıb. Onların bacarığı və imkanları hələ inkişaf mərhələsində olan çinli həmkarlarını xeyli üstələyir.
Rusiya donanması həmçinin “Kalibr” qanadlı raketi, “Oniks” və “Zirkon” hipersəs raketi kimi güclü raketlərə malikdir. Bundan əlavə, “Kirov” sinfinə məxsus döyüş kreyseri “Admiral Naximov” kimi ağır suüstü döyüş gəmiləri də mövcuddur.
Lakin sualtı qüvvədən kənarda Rusiya donanması daha kiçik və bəzi hallarda daha köhnədir. Suüstü gəmi parkı sualtı üstünlüklərə baxmayaraq zəifləyib və heyət sualtı qüvvələrdəki kimi təcrübəli deyil.
Bunlar isə keyfiyyət üstünlükləridir.
Çin donanması Rusiya donanmasını kəmiyyət baxımından xeyli üstələyir
Kəmiyyət baxımından Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri potensial Rusiya rəqibinə qarşı böyük üstünlüyə malikdir. Rusiya donanmasının daha bacarıqlı heyəti və daha yaxşı sualtı qayıqları ola bilər, lakin Çin hər sahədə say üstünlüyünə malikdir. Çin 1940-cı illərdəki ABŞ-dən etibarən ən böyük kütləvi istehsal edən sənaye gücüdür. Hətta Çinin sənaye gücü 1940-cı illərin ABŞ-si ilə müqayisədə daha böyükdür. Çin bu gün qabaqcıl sistemləri geniş miqyasda istehsal edir.
Donanma baxımından Çin 370-390 döyüş gəmisinə malikdir və korpus sayına görə dünyanın ən böyük donanmasıdır (ümumi su tutumu baxımından isə ABŞ üstünlüyünü saxlayır). Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin əsas suüstü döyüş gəmiləri arasında “Type 055” kreyserləri və “Type 052D” esminesləri var və hər ikisi güclü silahlanmaya malikdir.
Aviadaşıyıcı gəmilər əvvəlki qədər həlledici olmasa da, Çin artıq üç təkmilləşdirilmiş aviadaşıyıcı gəmi inşa edib və qarşıdakı onillikdə daha altısını əldə etməyi planlaşdırır. Bundan əlavə, J-35 beşinci nəsil çoxməqsədli stels döyüş təyyarəsi kimi daha müasir aviasiya vasitələri bu gəmilərlə inteqrasiya edilir.
Çinin sualtı qayıqları hər yeni nəsildə təkmilləşsə də, bu sahə hələ də zəif nöqtə sayılır. Burada Rusiya hazırda ciddi üstünlüyə malikdir. Lakin yenə də bu üstünlük keyfiyyət xarakterlidir, Çin isə kəmiyyət üstünlüyünə malikdir.
PLAN-ın raket mərkəzli müharibə konsepsiyası
Çin donanması raket mərkəzli doktrinaya əsaslanır. Onun geniş və artan uzun mənzilli gəmi əleyhinə qanadlı raket arsenalı var və Rusiya və ya ABŞ ilə müharibə halında buna güvənməyi planlaşdırır. Pekin həmçinin sıx hava hücumundan müdafiə qatına malikdir. Bundan başqa, donanma quru əsaslı kəşfiyyat, müşahidə və hədəfləmə sistemləri və raket qüvvələri ilə uğurla inteqrasiya olunub.
Bu o deməkdir ki, Rusiyanın Sakit okeandakı dəniz mövcudluğu istənilən anda ciddi risk altındadır. Çin şübhəsiz ki, daha üstün müşahidə və uzaqmənzilli gəmi əleyhinə imkanlara malik olardı və bu, Vladivostoku və ya Kamçatka yarımadası kimi digər əraziləri müdafiə edən köhnə Rusiya suüstü gəmilərini üstələyə bilərdi.
Digər tərəfdən, Rusiya sualtı təhlükəsi ciddi olardı. Lakin PLAN-ın strategiyası dəniz yollarına nəzarəti təmin etməkdir. Çin admirləri ehtimal ki, münaqişənin əvvəlində raket və hipersəs hücumları ilə Rusiya suüstü gəmilərini və sahil sistemlərini sıradan çıxarmağa çalışardılar.
Rusiya ilkin hücumlara tab gətirsə belə, say üstünlüyü Çinin tərəfində qalır. Rusiya donanmasının hətta az sayda gəmi və ya sualtı qayığı itirməsi Moskva üçün ciddi fəsadlar yarada bilərdi, çünki Rusiya Çinin malik olduğu sənaye gücünə sahib deyil.
Çin itkilərini sürətlə bərpa edə bildiyi halda, Rusiya məhdud resurslar səbəbindən bunu edə bilməz. Ukrayna müharibəsi Rusiyanın müdafiə sənayesini ciddi şəkildə yükləyib və gəmiqayırma sahəsindən resursları uzaqlaşdırıb. Dayandırılmış zavodların yenidən işə salınması isə asan deyil.
Belə bir dəniz müharibəsinin əvvəlində Rusiya sualtı qayıqları ilə qeyri-mütənasib zərər vura bilərdi. Lakin aşınma müharibəsi Çinin daha böyük donanması və istehsal gücü baxımından onun xeyrinə işləyərdi. Nəticədə Çin qalib gələrdi.
Hazırda Çin üçün əsas təhlükə ABŞ Hərbi Dəniz Qüvvələridir
Ümumilikdə Hind-Sakit okean regionunda qüvvələr balansı ruslardan çinlilərin xeyrinə dəyişib. Hazırda onların ittifaqı səbəbilə bu, problem deyil. Lakin Çin və Rusiya tarixən dostluqdan çox qarşılıqlı etimadsızlıq və düşmənçiliklə yadda qalıb.
Əgər tərəflər arasında dəniz xarakterli münaqişə baş versə, Rusiya donanmasının həmin bölgədə tarixi gücünə baxmayaraq, üstünlük Çinin tərəfində olardı.
Amerikalıların hazırda gördüyü kimi, ruslar da gec-tez Çinin Hind-Sakit okean regionunda regional üstünlüyə nail olduğunu anlaya bilərlər. Lakin Çin və Rusiya arasında real qarşıdurma baş verənədək bu dərsi öyrənəcək tərəf Rusiya donanması deyil, böyük ehtimalla Birinci Ada Zənciri ətrafında Çinlə mümkün qarşıdurmada ABŞ Hərbi Dəniz Qüvvələri olacaq.
Dəyanət Ağalarlı
Ordu.az