Ordu.az xəbər verir ki, “Otokar” adı açıqlanmayan başqa bir ölkəyə COBRA II taktiki təkərli zirehli vasitə tədarükü üçün müqavilə imzalandığını elan edib.
Məsələ ilə bağlı verilən açıqlamada belə deyilir:
“Otokar” COBRA II 4×4 taktiki təkərli zirehli vasitələr üçün 83,6 milyon dollar məbləğində sifariş aldı. İxrac qeydiyyatlı satış müqaviləsi çərçivəsində vasitələrin 2025-ci il ərzində təhvil verilməsi planlaşdırılır”.
COBRA II Taktiki Təkərli Zirehli Vasitə
COBRA II 4×4 Taktiki Təkərli Zirehli Vasitə müttəfiq ölkələrin və Türkiyə Silahlı Qüvvələrinin gələcək tələbləri nəzərə alınaraq hazırlanmış yüksək texniki və taktiki xüsusiyyətlərə malik modulyar platformadır.
Yüksək hərəkət qabiliyyətinə əlavə olaraq, COBRA II artırılmış ballistik və mina müdafiəsi, geniş daxili həcm, yüksək daşıma tutumu təqdim edir. COBRA II geniş silah inteqrasiyası və missiya avadanlığı seçimləri sayəsində sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar da daxil olmaqla bir çox vəzifəni yerinə yetirə bilir.
COBRA II modulyar quruluşu sayəsində personal daşıyıcı, silah platforması, KBRN kəşfiyyatı, yerüstü müşahidə radarı, daxili təhlükəsizlik, təcili yardım və komanda-idarəetmə vasitəsi konfiqurasiyalarına uyğunlaşdırıla bilər.
Sevinc Əliyeva
Ordu.az