Göydə və Kodda Müharibə: PUA-lar Yeni Döyüş Qaydasını Qurur

2025/10/1761907793.jpg
Oxunub: 750     15:31     16 May 2026    
Elmi-fantastik filmlərin dəyişməz mövzusu olan qatil robotlar və avtonom döyüş maşınları Rusiyanın Ukraynanı işğalının üçüncü ilini keçməsi ilə artıq bir fantaziya deyil, cəbhə xəttinin gündəlik reallığına çevrilib.

Ukraynanın şərq düzənliklərindəki amansız müharibə getdikcə daha çox maşınlar tərəfindən aparılır.

Səmada davamlı olaraq ərazini skan edən və video çəkən Pilotsuz Uçuş Aparatları (PUA-lar) saatlarla çəkilmiş görüntüləri saniyələr içində analiz edən kompüter alqoritmləri və sensor məlumatlarını hədəf siyahılarına çevirən döyüş meydanı proqramları, müharibənin gedişatını dəyişir.

Yarı avtonom sistemlər bu siyahılardan istifadə edərək insan operatorlara radioelektron maneə, duman və əlverişsiz hava şəraitində belə partlayıcı yüklü PUA-ları idarə etməkdə yardım edir.

Cəbhə xəttində inqilab: Bu gələcək deyil, bu bu gündür

Ukraynalı könüllülər tərəfindən qurulmuş və PUA müharibəsində ixtisaslaşmış “Aerorozvidka” qrupunun qurucu ortağı Yaroslav Honçar vəziyyəti belə ifadə edir: “Bu gələcək deyil, bu bu gündür”.

Honçar deyir: “Süni zəka artıq buradadır, çünki döyüş meydanı bunu tələb edir”

Bəzən operatorlardan çox PUA-lara sahib olduqlarını bildirən Honçar bu vəziyyəti tarazlaşdırmaq üçün yollar tapmaq məcburiyyətində qaldıqlarını əlavə edir.

2014-cü ildə Krımın ilhaqı və Donbasdakı gizli müharibədən sonra yaradılan bu bölmə Ukraynanın bir çox PUA taktikasına liderlik edib. Honçarın fikrincə, bu yenilikçilik zərurətdən doğub: “Donbasda məcburiyyət bizi yenilik etməyə məcbur etdi. Əvvəllər 40 saatlıq analiz tələb edən bir tapşırıq, indi süni zəkalə saniyələr içində tamamlanır”.

Honçar bildirir ki, tankları, səngərləri və ya yolları tanımaq üçün öyrədilmiş avtomatik təsnifat vasitələri taktiki üstünlükləri artırır. Ancaq bir mənfi cəhət barədə də xəbərdarlıq edir: operatorlar maşına nə qədər çox güvənirsə, öz bacarıqları bir o qədər zəifləyir. Buna baxmayaraq, ümumi nəticəni “yaşamaq mübarizəsinin doğurduğu bir inqilab” kimi qiymətləndirir.

Saniyələr içində aşkarlama və məhv etmə: “Delta” şəbəkəsi

Süni zəkanın bu müharibədə yaratdığı ilk inqilab ölümcül maşınların meydana çıxmasından çox, müharibənin aparılma sürətindəki heyrətamiz dəyişikliyə bağlıdır.

Ukraynalı qruplar kompüter görmə modellərini serverlərdən birbaşa PUA-ların özlərinə köçürdülər. Bu “yerləşdirilmiş süni zəka” PUA-ların komanda mərkəzləri ilə olan həssas əlaqələrinə ehtiyac duymadan görüntüləri emal etməsinə, nəqliyyat vasitələrini və ya səngərləri tanımasına və koordinatları demək olar ki, anında ötürməsinə imkan yaradır.

Honçar deyir: “Modellərimizi şəraitə görə müəyyən obyekt növlərini 80%-dən 100%-ə qədər dəqiqliklə tanımaq üçün öyrədirik”.

Yüzlərlə PUA-dan gələn məlumatlar Ukraynanın real vaxt komanda platforması olan “Delta” şəbəkəsinə ötürülür. Bu sistemdə video, telemetriya və koordinatlar birləşdirilir. Saniyələr içində hədəflər avtomatik etiketlənir, yoxlama üçün növbəyə alınır və koordinatlar artilleriya bölmələrinə ötürülür.

Döyüş meydanı getdikcə rəqəmsallaşdıqca, “insanın dövrədə qalması” (human-in-the-loop) müzakirəsi də qızışır.

Heç vaxt avtomatik atəş açmır

Kiyevdə yerləşən “Saker Scout” kəşfiyyat PUA-sının istehsalçısı “Twist Robotics” israr edir ki, süni zəka “komandan deyil, yardımçı pilot” kimi qalmalıdır.

Şirkət nümayəndəsi bildirir: “Sistemimiz aşkarlama, təsnifat və naviqasiyaya yardım edir... amma heç vaxt avtomatik atəş açmır”.

Coğrafi məhdudlaşdırma və hər qərar üçün insan təsdiqi əsas təhlükəsizlik tədbirləri arasındadır.

ABŞ-nin taktiki üstünlük axtarışı

Ukraynanın yenilikçiliyi zərurətdən doğduğu halda ABŞ ordusunun ağıllı müharibəyə keçidi daha yavaş və ehtiyatla irəliləyir. ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı Con N.T. Şanahan süni zəkanı “analitikin yerini almaq üçün deyil, iş proseslərinin hissələrini avtomatlaşdırmaq, sürətləndirmək və dəstəkləmək üçün vasitə” kimi xarakterizə edir.

Şanahanın fikrincə, əsas çətinlik süni zəkanı etik sərhədləri aşmadan döyüş meydanındakı xaosu anlama qabiliyyətinə “taktiki uc”da çatdırmaqdır.

General xəbərdarlıq edir: “Avtonomluq məsuliyyəti aradan qaldırmır”.

Ona görə, qərarvermə insani qalmalıdır, amma bəlkə də bu qərar tətikdə deyil, dizayn, sınaq və siyasət mərhələlərində, yəni daha yüksək səviyyələrdə baş verməlidir.

Ukraynanın dron ordusu

Ukraynanın ən cəsarətli yeniliklərindən biri texnoloji deyil, bürokratikdir.

“Dron Ordusu” (Army of Drones) adlanan proqram çərçivəsində PUA qruplarına mükafatlar verilir. Təsdiqlənmiş məhvetmələr və məhv edilmiş texnika bölmələrin yeni avadanlıqlarla dəyişdirə biləcəyi xallara çevrilir.

Qruplar hücum videolarını Ukraynanın “Delta” adlı hərbi məlumat şəbəkəsinə yükləyirlər.

Müdafiə Nazirliyi və “Bravel” şirkətindən ibarət süni zəka dəstəkli təsdiq qrupu xalları verməzdən əvvəl hər zərbəni təhlil edir. Dövlət tərəfindən idarə olunan “Bravel Market” platforması isə tədarük prosesini köklü şəkildə dəyişib.

Taqımlar bürokratiyanı keçərək xallarını birbaşa PUA, insansız quru platforması və ya radioelektron müharibə sistemləri ilə dəyişə bilirlər.

Bravel rəhbəri Andrii Hrytseniuk bildirir: “Əvvəllər müqavilələr aylarla çəkirdi. İndi təxminən iki həftə çəkir. Bu, NATO standartlarına görə belə inqilabdır”.

PUA bölük komandiri Oksana Rubanyak isə əlavə edir ki, xal sistemi komanda daxilində sağlam rəqabət ruhu şəklində əlavə daxili psixoloji motivasiya yaradır.

Müharibənin oyunlaşdırılması və etik narahatlıqlar

Bu xal sistemi müharibənin təbiətinə dair ciddi etik sualları da ortaya çıxarır.

Əvvəlcə zərərsizləşdirilən hər düşmən əsgəri üçün 6, zədələnmiş tank üçün 20, tam məhv edilmiş tank üçün isə 40 xal verilirdi. Lakin Rusiya qüvvələrinin daha kiçik piyada qrupları ilə hücum taktikasına uyğunlaşması nəticəsində Kiyev payızda şəxsi hədəflər üçün verilən xalları iki dəfə artırdı. Sistem indi düşmən mövqelərinin xəritələnməsi, radioelektron müharibə sistemlərinin sıradan çıxarılması və hətta logistik tapşırıqlar üçün əsgər əvəzinə insansız quru platformasının istifadəsini də mükafatlandırır.

“West Point” hərbi akademiyasından hüquqşünaslar Çad Bird və Mişel Lukomski bildirirlər ki, bu sistem həm vəd, həm də təhlükə daşıyır. Bir tərəfdən, hər hücumun sənədləşdirilib təsdiqlənməsi intizamı gücləndirə bilər. Digər tərəfdən, operatorları duyğusuzlaşdırmaq və ya xalların hərbi zərurətlərin qarşısına çıxaraq prioritetləri təhrif etməsi riski var.

Haaqa şəhərindəki Asser İnstitutundan hüquq mütəxəssisi Klaudiya Klonovska da bu narahatlıqları bölüşür. O bildirir ki, bir zamanlar populyar olan “mənalı insan nəzarəti” anlayışı yerini “kafi insan mühakiməsi” anlayışına verib. Klonovska deyir: “Siqnal pozulduqda uzaqdan idarə olunan bir PUA avtonom rejimə keçə bilər və dövrədə və ya dövrədən kənar kimi hüquqi kateqoriyalar çökə bilər”.

Yarış sürət üçündür

Alqoritmlərin artan rolu baxmayaraq, insanlar hələ də prosesin mərkəzindədir. “Twist Robotics” hər ölümcül hücum üçün insan təsdiqini məcburi tutur. “Bravel” rəhbəri Hrytseniuk bildirir ki, sistem “müharibəni daha asan deyil, daha ədalətli və sürətli edib”.

“Aerorozvidka”dan Honçar isə daha açıq danışır: Bir “Şahed” (Rus qüvvələri tərəfindən istifadə olunan İran istehsalı PUA) şəhərinizə doğru irəliləyərkən, əxlaqi sual onu vaxtında necə dayandıracağınızdır.

Vaşinqtondan prosesi izləyən general Şanahan Ukraynanı “gələcək on ilin laboratoriyası” adlandırır. Onun fikrincə, əsas yarış “Terminator” filmlərindəki kimi maşınlarla insanlar arasında deyil, zamanla aparılan yarışdır.

Yarış qatil robotlar üçün deyil, sürət üçündür. Kim daha tez təkrarlayırsa, o qalib gəlir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SZ   PUA   Döyüş  


Bizi "telegram"da izləyin