ASELSAN elektro-optik sistemlərdə qlobal brenddir

2025/05/1747462959.jpg
Oxunub: 458     11:06     17 May 2025    
ASELSAN 2024-cü il fəaliyyət hesabatında milli müdafiə sənayesinin oyun dəyişdirici texnologiyaları olan elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemlərindəki əhəmiyyətli inkişafları açıqlayıb.

Ordu.az xəbər verir ki, hesabatda CATS, ASELFLIR və ASELPOD kimi kritik sistemlərin sahə effektivliyi və ixrac uğurları vurğulanıb.

Türkiyə müdafiə sənayesinin milli pilotsuz uçuş aparatlarında geniş şəkildə istifadə edilən CATS (Common Aperture Targeting System) bu günə qədər 7500-dən çox sursat atışında hədəf aşkarlama, izləmə və işarələmə missiyasını müvəffəqiyyətlə yerinə yetirib.

Yüksək performanslı elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi kimi seçilən CATS hazırda bu sahədə fəal şəkildə istifadə olunur və bütün dünyada böyük marağa səbəb olur.

Bu çərçivədə 16 ölkə ilə müqavilə imzalanan sistemin kütləvi istehsalı prosesi uğurla tamamlanaraq, 2024-cü ildə tədarüklərə başlanılıb.Yüksək ixrac potensialına malik olan CATS müxtəlif platformalarda inteqrasiya və biznesin inkişafı fəaliyyətlərini sürətlə davam etdirir.

ASELSAN-ın digər mühüm məhsulu olan ASELFLIR 500 elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi 2024-cü ildən etibarən kütləvi istehsala keçib. Uzun mənzilli hədəf aşkarlama və yüksək keyfiyyətli görüntü təmin etmə imkanları ilə diqqət çəkən sistem dünyada artan tələbatla qarşılanır.

Zirehli quru platformaları və hücum helikopterləri üçün hazırlanmış ASELFLIR 410 sistemi 2024-cü ildə kütləvi istehsal mərhələsinə keçib.

ASELFLIR 600 uzun mənzilli, yüksək hündürlükdə uçan platformalar üçün nəzərdə tutulmuş qabaqcıl hədəfləmə sistemi kimi prototip istehsal mərhələsinə qədəm qoyub və gələcəkdə yüksək dəqiqliklə hədəfin əldə edilməsində mühüm rol oynayacağı gözlənilir.

Yüksək dəqiqlikli hədəfləmə sistemi ASELPOD 2024-cü ildə kütləvi istehsal tədarüklərini tamamlayıb və hazırda 6 fərqli ölkədə uğurla xidmət göstərir. ASELPOD-un müxtəlif platformalarla inteqrasiya işləri həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə davam edir.

ASELSAN, həmçinin az görünən və yüksək sürətli hava platformaları üçün inkişaf etdirdiyi “Toygun” Elektro-Optik Sensor və Hədəfləmə Sistemi və “Karat” İnfraqırmızı Axtarış və İzləmə Sisteminin prototip istehsal mərhələsinə daxil olub.

Bu yeni sistemlərin xüsusilə aşağı radara görünmə qabiliyyətinə malik təyyarələr üçün kritik sensor və hədəfləmə imkanları təmin etməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   CATS   ASELFLIR  


Bizi "telegram"da izləyin