Ordu.az xəbər verir ki, Perunun paytaxtı Limada keçirilən SITDEF 2025 müdafiə sərgisində dəniz müdafiəsi əməkdaşlığında əhəmiyyətli irəliləyişlərin əldə edildiyi açıqlanıb.
Perunun dövlət gəmiqayırma zavodu SIMA (Servicios Industriales de la Marina) və Cənubi Koreyanın müdafiə sənayesi nəhəngi “HD Hyundai Heavy Industries” (HHI) HDS-1500 əsasında yeni sualtı qayıq variantını birgə hazırlamaq üçün Anlaşma Memorandumu (MoU) imzalayıblar.
Müqavilə Peru Hərbi Dəniz Qüvvələrinin (HDQ) modernləşdirmə səyləri üçün strateji bir mərhələdir.
“Pucará Defensa”nın məlumatına görə, iki ölkə arasındakı layihə ictimaiyyətə çox az məlum olan HDS-1500 sualtı qayıq modelinə əsaslanan sualtı qayıq dizaynını ehtiva edir.
Dizaynın hazırlanması mərhələsinin iki ilə üç il arasında davam edəcəyi təxmin edilir. Bundan sonra lazımi maliyyə təmin olunarsa, sualtı qayığın inşası ən azı daha dörd il çəkməlidir.
Yeni sualtı qayıqların onilliklər ərzində Peru HDQ-nin inventarında olan “Type 209/1100 Islay” sinfinə və “Type 209/1200 Angamos” sinfinə məxsus sualtı qayıqlarını tədricən əvəz edəcəyi gözlənilir.
Saziş 2024-cü ilin noyabrında Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində imzalanmış Anlaşma Memorandumunun davamıdır.
Sevinc Əliyeva
Ordu.az