Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Saab Gripen E” modelini seçən Kolumbiya ABŞ-nin maneəsi səbəbindən bu planı həyata keçirə bilmir.
Kolumbiya istismar müddətini başa vurmaq üzrə olan “IAI Kfir” döyüş təyyarələrini əvəz etmək üçün yeni nəsil model axtarırdı.
“Saab” şirkəti Kolumbiyaya cəlbedici qiymətlərlə və Braziliyadakı “Embraer” montaj xətti üzərindən istehsal variantı ilə “Gripen E” döyüş təyyarələrini təklif edib. Müqavilənin təxminən 3 milyard avro dəyərində olduğu bildirilir. Lakin ABŞ-nin müdaxiləsi ilə proses yarımçıq qalıb.
Vaşinqtonun bu razılaşmadakı rolu “Gripen E”nin “General Electric F414-GE-39E” mühərrikindən istifadə etməsindən irəli gəlir. ABŞ “Saab”a bu mühərriki Kolumbiyaya ixrac etməyə icazə verməyib. Əvəzində Kolumbiyaya “Lockheed Martin F-16V” almaq üçün təzyiq edilib.
ABŞ administrasiyası Birləşmiş Ştatların müdafiə şirkətlərini qlobal bazarda ön sıralarda yerləşdirməyi hədəfləyir. Kolumbiya üçün alternativ olaraq təklif edilən Fransa istehsalı “Dassault Rafale” yüksək qiymətə görə Boqota üçün cəlbedici variant olmayıb. “Eurofighter Typhoon” eyni dərəcədə baha başa gəlir və imkanları daraldır.
Nəzəri olaraq, Kolumbiya “Chengdu J-10C”ni Çindən sifariş edə bilər. Lakin bu, ABŞ ilə münasibətlərdə ciddi gərginlik yaradacaq və hazırda mümkün görünmür.
Sevinc Əliyeva
Ordu.az