MKE “Land Rover”i elektrikli etdi: Qarşınızda MKE E-ARAZİ

2025/02/1739868534.jpg
Oxunub: 813     15:38     18 Fevral 2025    
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Qarsda keçirilən “Qış Təlimi-2025”də yerli istehsal “E-Arazi” avtomobilini təqdim etdi.

Türkiyə Silahlı Qüvvələri çoxlu sayda 1993-cü il model “Land Rover 110” avtomobilini elektrikli avtomobilə çevirib. Köhnə modelin bazası əsasında hazırlanan “Land Rover 110” sıfır texniki xidmət xərcləri və səssiz sürüş xüsusiyyəti olan bir avtomobilə çevrilib. O, çətin relyef şəraitində Türkiyə Silahlı Qüvvələri tərəfindən fəal şəkildə istifadə olunacaq.

“MKE E-Arazi”nin xüsusiyyətləri


“Land Rover 110”da daxili yanma mühərrikinin əvəzinə ön və arxada iki elektrik mühərriki quraşdırılıb. 4 təkər ötürücü sisteminə malik “E-Arazi” 246 kVt (335 at gücü) istehsal edir. O, tam doldurma ilə 400 km məsafə qət edir. Avtomobilin ön və arxa hissəsində ümumilikdə 107,5 kVt-saat batareya var.

“E-Arazi” maksimum 150 km/saat sürətə çatır. Yüksək at gücü sayəsində maili ərazilərdə üstün performans təmin edir. Cəld bir şəkildə sürət yığır.


MKE nəinki avtomobilin mühərrikini yeniləyib, həm də 360 dərəcə baxış kamerası və multimedia ekranı kimi müxtəlif texnoloji xüsusiyyətlər əlavə edib. Mühərrikin performansı və mənzil haqqında məlumat avtomobildəki multimedia ekranında göstərilir.

Xarici nümayəndə heyətləri maraq göstərir

MKE köhnə modelin bazası əsasında hazırlanan “Land Rover”ləri “E-Arazi”yə çevirərək, Türkiyə Silahlı Qüvvələrinə güc qatacaq. Bu avtomobil Qarsda keçirilən “Qış Təlimi-2025”ə qatılan xarici ziyarətçilərin də diqqətini çəkib. Bir çox orduda köhnə model “Land Rover” var. Bu transformasiya ilə istifadəyə yararsız köhnə hərbi avtomobillər müasir hərbi avtomobillərə çevriləcək.

“MKE E-Arazi”nin texniki xüsusiyyətləri

Mühərrik: 100% elektrikli
Güc: 246 kVt (335 at gücü)
Batareya tutumu: 107,5 kVt/saat
Çəkmə sistemi: 4x4
Mənzil: 400 km
Maksimum sürət: 150 km/saat
Sürətlənmə (0-50 km/saat): 8 saniyə


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MKE   Land-Rover  


Bizi "telegram"da izləyin