Ordu.az xəbər verir ki, 65-dən çox ölkədən 132 min qeydiyyatdan keçmiş ziyarətçi və 1300-dən çox iştirakçı ilə Körfəz regionunun və dünyanın aparıcı müdafiə sənayesi sərgilərindən biri olan IDEX fevralın 17-21-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə öz qapılarını açıb.
Türkiyənin raket və sursat texnologiyaları sahəsində beynəlxalq bayraq daşıyıcısı olan ROKETSAN da IDEX 2025 sərgisində region ölkələrinin müdafiəsini gücləndirəcək sistemlərini nümayiş etdirir.
Hazırda Körfəz regionu ölkələrinin və BƏƏ-nin etibarlı həll tərəfdaşlarından biri olan ROKETSAN bu sərgidə keçirəcəyi görüşlərlə bölgədəki əməkdaşlığını genişləndirməyi hədəfləyir.
ROKETSAN baş direktoru Murat İkinci IDEX 2025-də iştirakları ilə bağlı verdiyi açıqlamada qeyd edib:
“Ölkəmizin bayrağını dörd qitədə dalğalandıran şirkət olaraq biz beynəlxalq sərgilərdə iştirak etməyə və ən müasir müdafiə sistemlərimizi sərgiləməyə davam edirik. IDEX-ə ev sahibliyi edən BƏƏ və Körfəz regionu ölkələrinin güclü və etibarlı həll tərəfdaşlarından biri olaraq bu sərgidə zərbə tipli pilotsuz uçuş aparatı sursatlarımızdan tank əleyhinə sistemlərimizə, hava hücumundan müdafiə sistemlərimizdən qanadlı raketlərimizə qədər bir çox sistemimizi sərgiləyirik.
IDEX 2025-də keçirəcəyimiz görüşlər vasitəsilə yeni əməkdaşlıqlara imza ataraq, ölkəmizə verdiyimiz iqtisadi əlavə dəyəri artırmağı, BƏƏ və Körfəz regionu ölkələrinin müdafiəsinə daha çox güc qatmağı hədəfləyirik. İndiyə qədər etdiyimiz kimi, bundan sonra da ölkəmizi beynəlxalq arenada qürurla təmsil edəcəyik”.
Sevinc Əliyeva
Ordu.az