Ordu.az xəbər verir ki, bu barədə Norveçdə yerləşən texnologiya və müdafiə şirkəti “Kongsberg”in baş icraçıları “Euronews”a bildiriblər.
Avropa İttifaqı (Aİ) müdafiə strategiyasını yenidən nəzərdən keçirir, çünki liderlər blokun hərbi imkanlarını yaxşılaşdırmaq və Ukraynadakı münaqişə nəticəsində aşkar edilən müdafiə boşluqlarını aradan qaldırmaq üçün növbəti 10 il ərzində ehtiyacı olan 500 milyard avronu necə maliyyələşdirəcəklərini düşünürlər.
Qonşu ölkələr və müttəfiqlər, o cümlədən Böyük Britaniya və Norveç də eyni şeyi edir.
Aİ liderlərinin dəfələrlə istək siyahısında birinci yerə qoyduğu imkanlara Hava Hücumundan Müdafiə (HHM) vasitələri və sursat daxildir. Bu, blokun ötən il 12 ay ərzində Ukraynaya bir milyon mərmi çatdıra bilməməsi ilə daha da aktuallaşıb.
“Kongsberg Defence & Aerospace AS” prezidenti Eirik Lie Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Euronews”a verdiyi müsahibədə bildirib: “Biz HHM sistemlərinin istehsalında məhdudlaşdırıcı amil deyilik”.
O qeyd edib ki, “Kongsberg” ayda 2 NASAMS batareyası istehsal edə bilər.
“Biz ayda 2 NASAMS batareyası istehsal edə bilərik, ona görə də problem bu deyil. Problem uzunmüddətli məhsullara və bu məhsulları təmin edən tədarük zəncirinə sahib olmaqdır”, - deyə Lie bildirib.
Sevinc Əliyeva
Ordu.az