Ordu.az xəbər verir ki, Danimarka Müdafiə Kəşfiyyat Xidməti gizli hesabatında Danimarka və NATO-nun digər üzvləri üçün artan Rusiya təhlükəsini vurğulayır.
Qiymətləndirməyə görə, Rusiya Çin, Şimali Koreya və İranın əhəmiyyətli dəstəyi ilə öz ordusunu NATO-nun imkanlarına uyğunlaşdırmaq üçün fəal şəkildə yenidən qurur.
Hesabatda deyilir ki, bu, Müharibə Tədqiqat İnstitutunun (ISW) Moskvanın davam edən hərbi quruculuğu və cəmiyyətini Qərblə gələcək münaqişə üçün yenidən formalaşdırmaq səyləri ilə bağlı əvvəlki xəbərdarlıqlarına uyğundur.
Kəşfiyyat hesabatında Moskvanın hələlik NATO-ya qarşı genişmiqyaslı müharibəyə başlamaq qərarına gəlmədiyi bildirilir, lakin Avropa ölkələri müdafiə qüvvələrini gücləndirə bilməsə, Rusiyanın belə bir riskə getməyə hazır olacağı barədə xəbərdarlıq edilir.
ISW-nin məlumatına görə, Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) fevralın 12-də bildirib ki, Avropa ölkələri 2024-cü ildə müdafiəyə 457 milyard dollar, tək Rusiya isə 462 milyard dollar xərcləyib.
Danimarka Müdafiə Kəşfiyyat Xidmətinin hesabatında deyilir ki, Rusiya hazırda NATO-nun 5-ci maddəsini işə sala biləcək hərəkətlərdən yayınır.
Lakin Moskva NATO-nu zəif olduğunu düşünərsə, xüsusən də ABŞ-nin Avropaya hərbi dəstəyinin davam etdirilməsinə şübhələr yaranarsa, daha cəsarətli hərəkət edə bilər.
Hesabatda əsas xəbərdarlıq odur ki, xüsusilə Rusiya üçün əlverişli şərtlərlə Ukraynada atəşkəs və ya münaqişənin dondurulması gələcək münaqişələr üçün əhəmiyyətli Rusiya hərbi resurslarını azad edə bilər.
Sevinc Əliyeva
Ordu.az