“Marlin” SİDP-yə yeni qabiliyyət: Dünyada az sayda ölkə buna malikdir (FOTOLAR)

2025/02/1739600475.jpg
Oxunub: 936     11:32     19 Fevral 2025    
Türkiyənin ən məşhur Silahlı İnsansız Dəniz Platforması (SİDP) layihələrindən biri olan “Marlin” SİDP-nin yeni inşa edilən qardaşı ilk dəfə 8 ədəd “Kuzgun” raketini eyni vaxtda buraxmağa imkan verəcək buraxılış qurğusu ilə görüntülənib. Bu qabiliyyət “Marlin”ə və deməli, Türkiyəyə dünyada çox az ölkənin malik olduğu bir imkan verir.

Türkiyənin yerli və milli İnsansız Dəniz Platformaları (İDP) ilə başladığı səyahət çox qiymətli yeni bir dünyanın qapısını açır... Pilotsuz Uçuş Aparatları (PUA) və zərbə PUA-ları ilə dünyada adından söz etdirməyə davam edən Türkiyə İDP-ləri ilə də bənzər bir uğur hekayəsi yazır.

Sektorda gedən proseslər göstərir ki, bu reallıq getdikcə daha da konkretləşir. Əldəki platformalara, bu platformalardan atılan sursatlara və yaradılan ekosistemə nəzər saldıqda, Türkiyənin bu sahədə dünyanın ilk 3-4 ölkəsindən biri olduğunu görə bilərik.


“Marlin” SİDP-yə 8 borulu buraxılış qurğusu əlavə edildi

Belə bir mühitdə son zamanlar sosial mediada əksini tapan uğur diqqət çəkir. Polşa rəsmi heyətinin “Sefine” Gəmiqayırma Zavoduna səfəri zamanı paylaşdığı fotoşəkildə “Marlin” üçün hazırlanmaqda olan 8 borulu buraxılış qurğusu aydın şəkildə görünür.

Əslində bilirik ki, “Marlin” daha əvvəl TÜBİTAK SAGE imzalı “Kuzgun-KY” raketi ilə sınaq atışı həyata keçirib.Ancaq bu, tək bir raket atışı idi və buna görə də çoxlu buraxılış qurğusu yox idi. İndi fotodan da gördüyümüz kimi, “Marlin” eyni anda 8 ədəd “Kuzgun” raketini buraxa biləcək səviyyəyə çatır.

Aydındır ki, bu layihədə “Sefine” Gəmiqayırma Zavodu ilə ASELSAN arasında əməkdaşlıq çox yaxşı nəticələr verir. Çünki “Marlin”in səyahəti ilk gündən özü ilə çox dəyərli qabiliyyət qazancı gətirdi.


Çoxlu “Kuzgun” atışı niyə vacibdir?

Bu suala cavab verməzdən əvvəl bir neçə cümlə ilə də olsa, “Kuzgun” haqqında danışmaq lazımdır. Kuzgun TÜBİTAK SAGE imzalı sursat ailəsidir. Layihə çərçivəsində indiyədək üç fərqli raket hazırlanıb. Bunlar həm quru, həm dəniz, həm də hava platformalarından buraxıla bilər. Təbii ki, “Kuzgun”u bir çox fərqli platformadan buraxmaq mümkündür.

Açıq mənbələrə görə, “Marlin” SİDP-dən buraxılan “Kuzgunun KY” modeli 20 kilometrə yaxın mənzilə malikdir. Bu mənzil Egey kimi ada və adacıqlardan ibarət dənizdə Türkiyə üçün son dərəcə çəkindirici gücdür.

Çünki “Marlin”in digər xüsusiyyətlərini bir kənara qoyub, yalnız eyni anda 8 ədəd “Kuzgun” buraxmaq qabiliyyətini nəzərə alsanız belə, çox maraqlı bir fakt ortaya çıxır. Bunu daha yaxşı başa düşmək üçün donanmaların hazırda bu effekti necə yarada biləcəyi sualına cavab axtaraq.

Bu məsafələrdən belə çəkindirici zərbə imkanı istəyirsinizsə, sizə çox böyük və güclü baş topu olan hücum qayığı lazımdır. “Marlin”in bəlkə də ən diqqət çəkən məqamlarından biri burada qarşımıza çıxır.


“Marlin” SİDP yüz milyonlarla dollar dəyərində olan gəmiləri əvəz edə bilər

İnsansız platformaların döyüş meydanına gətirdiyi ən böyük dəyişikliklərdən biri onların sərf edilə bilən olmasıdır. Çünki insansız platformalar ilə siz personalı itirmək riski daşımırsınız və bu reallıq işin xərc tərəfindən çox önəmlidir.

Təkcə bu deyil... Bu platformaları tez bir zamanda inşa etmək olar. Təbii ki, itkini əvəz etmək çox asandır. Qısacası, korvetlərin 400-500 milyon dollara başa gəldiyi və inşasının 4 il, yaxud daha çox sürəcəyi düşünülən bir mühitdə “Marlin” SİDP səhradakı bir vahə kimidir.

Son illərdə, xüsusən də Ukraynada baş verən müəyyən hadisələr dünyanın bu yeni reallığı dərk etməsində böyük rol oynayıb. Nəticə etibarilə biz nəhəng döyüş gəmilərinin sadə İDP-lər ilə oyundan çıxarıldığı günləri yaşadıq. Bu vəziyyət bütün ölkələrə göstərdi ki, dənizlərdəki tənlik dəyişib.

Türkiyə, ABŞ və Böyük Britaniya baş-başa oynayır

“Marlin” SİDP-nin qabiliyyəti təkcə onun 8 borulu buraxılış qurğusu deyil. “Marlin”, həmçinin aşkarlama-kəşfiyyat, suüstü döyüş, sualtı döyüş, bazaların/limanların/kritik obyektlərin və yüksək dəyərli üzən platformaların mühafizəsi kimi missiyalar üçün idealdır.

O, həmçinin yüksək inkişaf etmiş radioelektron mübarizə qabiliyyətinə malikdir. Bu, dünyada bu xüsusiyyətə malik ilk İDP-dir. Onu da əlavə edək ki, “Marlin” Portuqaliyada keçirilən NATO təlimində Türkiyəni təmsil etməklə, yeni bir ilkə imza atıb və orada hər kəsi heyran qoyub.

“Kuzgun”un haqqında danışdığımız versiyası dünyanın çox az ölkəsində mövcuddur. ABŞ və Britaniyanın oxşar raketləri var. Lakin onların istifadə etdiyi raketlər “Kuzgun”dan daha az mənzilə malikdir. Əslində Türkiyə “Kuzgun KY” ilə öz sahəsində dünyanın ən qabaqcıl raketlərindən birinə sahibdir.

Bu yaxınlarda gördüyümüz 8 borulu raket buraxılış qurğusu əlavə edilmiş “Marlin” SİDP-nin fotoşəkili iki belə dəyərli oyunçunun bir gövdədə birləşdiyini göstərmək baxımından çox dəyərlidir.

İxrac potensialı çox yüksəkdir

“Kuzgun” raketləri ilə silahlanmış “Marlin” SİDP-ni yalnız hücumlar üçün düşünmək ədalətsizlik olardı. “Marlin” bu imkan və qabiliyyətlərlə müdafiədə də son dərəcə dəyərli rollar oynaya bilər.

Məsələn, “Marlin” böhran dövründə Qırmızı dənizdə təhlükə altında olan mülki gəmiləri qorumaq üçün istifadə edilə bilər. Günümüzün ən ölümcül asimmetrik elementlərindən biri olan kamikadze SİDP-lərə qarşı “Marlin”in imkan və qabiliyyətlərindən istifadə etmək də mümkündür.

Bütün bunları birləşdirdikdə, “Sefine”-ASELSAN ortaqlığında ortaya çıxan “Marlin”in ixrac potensialı son dərəcə yüksək görünür. Bir çox ölkələrin böyük marağına səbəb olduğunu bildiyimiz “Marlin”i görmək üçün Yalovadakı gəmiqayırma zavoduna səfərlər çoxalıb. Kim bilir, tezliklə bir çox müxtəlif ölkələrin “Marlin” üçün Ankaranın qapısını döydüyünü eşidə bilərik.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Marlin   SİDP  


Bizi "telegram"da izləyin