Kursantlar idmanda da uğurlar qazanırlar

2024/05/f3c4d-1716400607.jpg
Oxunub: 179     16:02     25 May 2024    
Cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli müsahibələrindən birində demişdi ki, idmançı üçün ən böyük səadət onun qələbəsinə görə təmsil etdiyi dövlətin himninin səsləndirilməsidi. İdmançının dövlətinə ehtiramı olanlar da, olmayanlar da bu himni ayaq üstə dinləyirlər.

Olimpiya çempionunun dedikləri bir gerçəkliyin ifadəsidi: Vətənə sevgi həmişə ucalıqlarda yaşadılır. Bu sevgini ucalıq məqamında həm də idman yarışları bayraqlaşdırır. Heydər Əliyev adına Hərbi İnstitutun idmançı-kursantları kimi...

Elnur Məmmədli də, Zemfira Meftahəddinova da, Fərid Mansurov da, Toğrul Əsgərov da, Şərif Şərifov da Azərbaycanımıza belə qürur yaşadıb. Himnimiz səslənəndə - Azərbaycan arenanın mənəvi səyyarəsinə döndüyünə görə onlar da kövrəliblər. Bu duyğuları zamanında Heydər Əliyev adına Hərbi İnstitutun idmançı-kursantları da yaşamaq istəyi ilə məşq edirlər, daha geniş miqyaslı yarışlarda iştirak etməyə qərarlı olublar...

Heydər Əliyev adına Hərbi İnstitutun idman kafedrasının baş müəllimi mayor İntiqam Həmidov bildirdi ki, institutda idmanın müxtəlif növləri üzrə məşqlərə gərəkli texniki şərait yaradılıb. Kursantlar günün nizam qaydalarına riayət etməklə məktəb rəhbərliyinin müəyyənləşdirdiyi müxtəlif bölmələrdə peşəkar məşqçi-müəllimlərin rəhbərliyi ilə məşq edirlər. İdmançı-kursantlarımız respublika miqyaslı yarışlarda uğurlar qazanırlar. Onlar bu ilin mayında keçirilən yarışlarda da qürurverici qələbələrə nail olublar.

İdmançı-kursantlar iştirak edəcəyi hər yarışa təhsil aldığı hərbi institutun idman şöhrətinin cəfakeşi kimi, hərbçi qətiyyəti ilə, hərbçi əzmkarlığı ilə, hərbçi məsuliyyəti ilə hazırlaşırlar. Mayın 5-də "Küləyə qarşı" adlı Bakı marafonu keçirildi. Bu tədbirdə institutun komandası da iştirak etdi. 21 kilometrlik məsafəni ilk qət edənlər sırasında kursant Riad Əliyev və kursant Araz Əhmədov da oldular. 18500 iştirakçı arasında finişə tez çatan iştirakçılarla bir sırada onlar da təltif edildilər.

Kursant Riad Əliyev Neftçala rayonundandır, əvvəllər beşnövçülüklə məşğul olub. Yarışda mayor İntiqam Həmidovun məsləhəti ilə iştirak edib. Riad dedi ki, yarış ərəfəsində Zığ yolunda məşq edirdik. Yarışda finişə 4-5 kilometr qalmış hiss etdim ki, ilklər sırasında ola bilərəm. Dözüm, həvəs və hərbçi məsuliyyəti niyyətimi gerçəkləşdirdi.

Riad Əliyevə də, Araz Əhmədova da medal və sertifikat təqdim edildi...

Respublikamızda böyük tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş müxtəlif yarışlar keçirilib. Güc strukturları arasında sərbəst güləş üzrə turnirdə institutun müxtəlif çəki dərəcələrini təmsil edən 17 idmançısı yarışıb. İdmançı-kursantları bu yarışa polkovnik-leytenant Nazim Əlicanov və kapitan Qanboy Yəhyayev hazırlayıb. İdmançılar turnirdə 8 medal qazanıblar.

Aqşin Qurbanov Zaqatalanın Aşağı Tala kəndində anadan olub. 2015-ci ilə kimi orada yaşayıb, təhsil alıb. Təhsilini Bakıdakı 54 saylı orta məktəbdə davam etdirib. Bu illərdə sərbəst güləşlə məşğul olub. "Təhsil" İdman Cəmiyyətində Əlisa Abbasovun qrupunda məşq edib. Müxtəlif yarışların iştirakçısı olub. 2-ci dərəcəli idmançıdır. Bu turnirdə 3 görüş keçirib, hər üçündə də qalib gəlib: Polis Akademiyasının güləşçisinə də (14:4), Fövqəladə Hallar Nazirliyinin güləşçisinə də (8:2), Polis Akademiyasının digər güləşçisinə də (8:4). Aqşin final görüşünü xatırladı:

- Birinci hissədə 4:2 hesabı ilə qalib gəlmişdim. Rəqibim də güclü güləşçi idi. Fasilədə məşqçim mənə bir qədər təmkinlə güləşməyi, daha çox əks-fəndlərdən istifadə etməyi məsləhət gördü. Mən xalları fəndlərlə qazanmışdım, rəqibim məni döşəkdən çıxartmaqla daha 4 xal qazandı. Uduzurdum. Final görüşünün sonuna 20 saniyə qalmışdı. İki ardıcıl fənd işlətdim. Nəticədə 8:6 hesabı ilə qalib gəldim. Yarış bitincə baxışlarım məşqçimi axtardı. Bu anları yaşamaq necə xoş idi! Könlümdən daha böyük miqyaslı yarışların da qalibi olmaq keçir. Yaxın vaxtlarda zabit olacam, qoşunlarda xidmətdə, hərbi hissəmizdə əsgərlərimlə birlikdə məşq edəcəm. Zabit kimi daha böyük yarışların qalibi olmaq niyyətindəyəm. İstəyirəm ki, həmin yarışlarda qalib əsgərlərimi təbrik edim, əsgərlərim qalib komandirlərini təbrik etsinlər.

Bu turnirdə daha iki idmançı-kursant da (Elman Cahangirli, Yaqub Ənvərli) qızıl medala layiq görülüb.

Gənclər və İdman Nazirliyi ilə hapkido döyüş sənəti (Koreya) federasiyasının birgə təşkilatçılığı ilə Bakı açıq çempionatı keçirildi. İdmançı-kursantları bu yarışa idman kafedrasının müəllimləri - kapitan Eldar Qurbanov və məşqçi, dəfələrlə dünya çempionu olmuş baş leytenant Orxan Məmmədli hazırlamışdılar. Baş leytenant Orxan Məmmədli dedi ki, biz həmişə hər yarışa ciddi hazırlaşırıq. İdmançı-kursantlarımızın belə yarışlarda təcrübəsi olsa da, onların texniki hazırlığını həmişə diqqətdə saxlamışıq. İdmançı fiziki baxımdan güclü ola bilər, ancaq texniki hazırlığı yüksək deyilsə, qalib gələ bilməz. Özüm yarışlara hazırlaşanda da "beş dəqiqə" prinsipinə ciddi əməl etmişəm - müddətdən beş dəqiqə artıq məşq etməli. Bu prinsip həmişə uğur gətirib.
Bu yarışda 2 yaş qrupu üzrə iştirak etdik. Şağan Olimpiya İdman Kompleksində keçirilən bu çempionatda 25 idmançı ilə təmsil olunmuşduq, 25 medal qazandıq - 13 qızıl, 4 gümüş, 8 bürünc. Yəni, idmançılarımızın hamısı fəxri kürsüdə təmsil olundu!

Emil Cəfərov Ağstafada anadan olub. Orta məktəbdə oxuyanda karate ilə məşğul olub. Hərbi İnstituta daxil olduqdan sonra idmanın hapkido növünə marağı olub. Kifayət qədər titula malik olan Orxan Məmmədlinin rəhbərliyi ilə məşqlərə başlayıb. Karate də, hapkido da idmançıdan fiziki, texniki hazırlıqla bir sırada son dərəcədə cəldlik də tələb edir. Orxan müəllim yetirmələrinə bunu həmişə ilk məşqin ilk tezisi kimi aşılayır, məşqlər bundan sonra başlayır: fiziki hazırlıq, texniki hazırlıq, iradi keyfiyyətlərin formalaşması... Emil də bu məşq sistemi ilə formalaşıb.

- Bu yarışa qədər respublika miqyaslı müxtəlif yarışlarda 4 dəfə iştirak etmişdim, qələbə qazanmışdım. Bu yarış mənim kursant kimi son yarışım olacaqdı, son yarışımda da qalib olmaq istəyirdim. Tatamiyə bu niyyətlə çıxmışdım. Rəqibim "Alpturan" klubunun idmançısı Ruslan Məmmədli də kifayət qədər güclü idmançı idi. İlk raundda üstünlüyü ələ ala bildim, ardıcıl xallar qazandım. Birinci raundun sonlarına yaxın Ruslan görüşü davam etdirmədi, mən qələbə qazandım.

Baş leytenant Orxan Məmmədli yetirməsinin qələbəsinə təkcə fiziki və texniki hazırlığın nəticəsi demədi, onu həm də niyyətin qələbəsi adlandırdı.

Əli Məhəddinov Kürdəmirdəndir. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib, indi Hərbi institiutun IV kurs kursantıdır. Orta məktəbdə də, liseydə də yunan-Roma güləşi ilə məşğul olub, müxtəlif yarışlarda iştirak edib. Hərbi İnstitutda idmanın hapkido növü ilə məşğul olmağa başlayıb: maraq istəyə, istək sevgiyə çevrilib...

- Birinci kursda respublika birinciliyində III yeri tutmuşdum. Sonrakı illərdə I yeri tutdum. Bu yarışda da qalib gəlməyə niyyətli idim. İlk döyüşüm kursant yoldaşım Cəfər Cəfərovla oldu, qalib gəldim. Finalda 2023-cü ildə İtaliyada keçirilən Avropa çempioanatının qalibi olmuş Məhəmməd Məmmədovla qarşılaşacaqdım. "Alpturan" komandasının üzvü güclü idmançı idi. Müəllimimizin bir kəlməsi məni qələbəyə tam səfərbər etmişdi: "Sən hərbçisən!". Qalib gəldim. Qürurlanıram ki, kursant olaraq son yarışımda məğlub olmadım...
...Kursantlar idmanda da uğurlar qazanırlar. İdmançı-kursantlar yaxın gələcəkdə hərbçi idmançıların sırasında Ordumuzun idman şərəfini də qoruyacaqlar.

Qalib kursantlarımızın uğurlarını davam etdirəcək idmançılarımız var. İnstitutun idmançı-kursantları yaxın gələcəkdə zabit kimi xidmət edəcək, idman uğurları qazanacaq, institutun idman şöhrətini sədaqətlə davam etdirəcəklər.

Rəşid Hüseynov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Kursantlar   İdman  


Bizi "telegram"da izləyin