Baş prokuror İƏT-ə üzv dövlətlərin baş prokurorlarının iclasında iştirak etmək üçün Düşənbəyə səfərə gedib - FOTOLAR

2024/05/0552d-1715861337.jpg
Oxunub: 136     15:54     16 May 2024    
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Baş prokuroru Yusuf Raxmonun dəvətilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfərə gedib.

Bu barədə Ordu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti Emomali Raxmon tərəfindən qəbul ediliblər. Prezident iclasın işinə uğurlar arzu edərək İƏT-ə üzv dövlətlər arasında hüquq mühafizə sahəsində əməkdaşlığın önəmini, xüsusən cinayətkarlığa qarşı mübarizədə birgə səylərin regionda sabitliyin və təhlükəsizliyin qorunmasında prokurorluq orqanlarının rolunu qeyd edib.

Daha sonra İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 5-ci iclası keçirilib. İclası giriş nitqi ilə açan Tacikistanın Baş prokuroru Yusuf Raxmon qonaqları salamlayaraq tədbirin əhəmiyyətini və beynəlxalq əməkdaşlığın mahiyyətini qeyd edib.

Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə danışaraq terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda çıxış edib. Ölkəmizin terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyaya qoşulduğunu, həmçinin milli qanunvericiliyin mövcud beynəlxalq standartlara uyğunlaşdırldığını bildirib.

Kamran Əliyev torpaqlarımızın bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistanın bu ərazilərdə mina terrorunun müəllifi olduğunu qeyd edərək, işğal dövründə 1.5 milyondan çox mina basdırıldığını, birinci və ikinci Qarabağ müharibəsindən bu günə kimi təxminən 3500 nəfər azərbaycanlının minadan zərər çəkdiyini, 4000 şəxsin itkin düşdüyünü, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar edildiyi barədə ətraflı məlumat verib, terrorçuluqla mübarizədə səylərin beynəlxalq səviyyədə birləşdirilməsinin zəruriliyindən bəhs edib.

Eyni zamanda, Kamran Əliyev cari ilin sentyabr ayında Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına, noyabr ayında isə dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini bildirib.

Yüksək səviyyəli iclasda İƏT-in Baş katibi, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Tacikistan, Pakistan, Qırğızıstan, Türkmənistan və qonaq qismində dəvət olunmuş Səudiyyə Ərəbistanı Krallığının prokurorluq orqanlarının rəhbərləri iştirak ediblər.

Nümayəndə heyətininin Tacikistana səfəri davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   İƏT  


Bizi "telegram"da izləyin