Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Tacikistan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sodiq İmomi rəhbərlik edib.
Siyasi məsələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb və bu mötəbər tədbirin təşkili ilə bağlı qarşı tərəfə məlumat verilib.
Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
İclas zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Eyni zamanda, 2 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələri də keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Tacikistan nümayəndə heyətinə isə Tacikistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Baş idarəsinin rəisi Safarzoda Bahodur rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Tacikistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparıılıb. Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb.
***
2 may 2024-cü il tarixində Düşənbədə Tacikistan Respublikası və Azərbaycan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti danışıqları baş tutub.
Ordu.az Tacikistan XİN-ə istinadən xəbər verir ki, tərəflərin nümayəndə heyətlərinə Tacikistan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Sodik İmomi və Samir Şərifov rəhbərlik ediblər.
Görüşdə Tacikistan-Azərbaycan münasibətlərinin siyasi, ticarət-iqtisadi, mədəni, humanitar və digər sahələrdə aktual məsələlər ətraflı müzakirə olunub. Görüş zamanı Tacikistan-Azərbaycan təmaslarının məzmununun ən yüksək səviyyədə hazırlanmasına xüsusi diqqət yetirilib.
Həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Məsləhətləşmələrin yekunu olaraq Tacikistan və Azərbaycan XİN arasında konsulluq əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.
Danışıqlar dostluq və konstruktiv şəraitdə keçib.
Ordu.az