“Dəmir Günbəz” sisteminin xüsusiyyətləri nələrdir? “Dəmir Günbəz” necə işləyir, hansı ölkələrdə mövcuddur? Budur texniki xüsusiyyətlər...

2023/10/1697186802.jpg
Oxunub: 29519     20:15     13 Oktyabr 2023    
HƏMAS-ın İsrailə qarşı başlatdığı hücumdan sonra İsrailin “Dəmir Günbəz” Hava Hücumundan Müdafiə (HHM) Sistemi yenidən gündəmə gəlib. Hücumun əvvəlində 5000 raket atıldığı halda, “Dəmir Günbəz”in effektivliyi müzakirə mövzusu oldu. Beləliklə, “Dəmir Günbəz” sistemi nədir və necə işləyir? Hansı ölkələrdə mövcuddur?

“Dəmir Günbəz” sistemi nədir, xüsusiyyətləri nələrdir kimi sualların cavabları axtarış sistemində tez-tez axtarılmağa davam edir. HƏMAS-ın ötən şənbə günü İsrailə qarşı təşkil etdiyi hücumlarda 5 mindən çox raket atdığı açıqlanıb. Havadan və qurudan hücumlar həyata keçirən HƏMAS-ın hücumları nəticəsində “Dəmir Günbəz”i aşmağı bacaran raketlər İsrailin bir çox şəhərlərinə düşüb. Bəs “Dəmir Günbəz” sistemi nədir və onun xüsusiyyətləri nələrdir?

“Dəmir Günbəz” sistemi nədir və necə işləyir?


“Dəmir Günbəz” İsrailin “Rafael Advanced Defense Systems” və “Israel Aerospace Industries” şirkəti tərəfindən hazırlanmış HHM sistemidir. Sistem 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan və trayektoriyası İsrailin həyati mərkəzindən kənara yönəldiləcək qısa mənzilli raketləri və artilleriya mərmilərini ələ keçirmək və məhv etmək üçün nəzərdə tutulub.

“Dəmir Günbəz” Qəzza və İordan çayının qərb sahilindən gələ biləcək raketlərə və ya digər hava hücumlarına qarşı İsrail tərəfindən yaradılmış qabaqcıl HHM sistemidir. İsrail HƏMAS və digər silahlı qruplar tərəfindən atılan raketlərin vurduğu zərər və insan itkilərini minimuma endirmək üçün bu sistemi 2011-ci ildə tamamlayaraq istifadəyə verib. Onun əsasları 2005-ci ildə qoyulub, “Hizbullah” və HƏMAS-ın hücumlarının intensiv olduğu bir dövrdə vətəndaşların müdafiəsi üçün səylər göstərilib.

Sistem 2011-ci ildə istifadəyə verilib. 2011-ci il aprelin 7-də sistem Qəzzadan ilk dəfə atılan “BM-21 Qrad”ı müvəffəqiyyətlə zərərsizləşdirib. 2012-ci il martın 10-da “The Jerusalem Post” sistemin Qəzzadan atılan və məskunlaşan ərazilərə düşən raketlərin 90%-ni zərərsizləşdirdiyini bildirib. 2012-ci ilin noyabrına qədər rəsmi açıqlamalar sistemin 400-dən çox raketi ələ keçirdiyini göstərib. 2014-cü ilin oktyabr ayının sonlarına qədər “Dəmir Günbəz” sistemləri 1200-dən çox raketi ələ keçirib. Onun işləmə üsulu atılan raketi müəyyən etmək, hədəfə kilidlənmək və raketi havada olarkən məhv etməkdir. Sistem 2011-ci ildə xidmətə daxil olduğu vaxtdan etibarən havada hər 10 raketdən 8-ni vurub. Bu gün də istifadə olunur.

2011-ci ildən 2021-ci ilə qədər Birləşmiş Ştatlar “Dəmir Günbəz” HHM sisteminə ümumilikdə 1,6 milyard ABŞ dolları töhfə verib. 2022-ci ildə ABŞ Konqresi əlavə 1 milyard dollarlıq dəstək paketi təklif etmək qərarını təsdiqləyib. Gələcəkdə batareyalar “Sa'ar 6” sinfinə məxsus dəniz korvetlərində yerləşdiriləcək və İsrailin “Barak 8” raket sistemi ilə birlikdə dənizdəki qaz platformalarını qoruyacaq.

“Dəmir Günbəz” İsrailin inkişaf etdirdiyi çoxtəbəqəli raketdən müdafiə sisteminin bir hissəsidir ki, bura da “Arrow 2”, “Arrow 3”, “Iron Beam”, “Barak 8” və “David's Sling” daxildir.


“Dəmir Günbəz”in xüsusiyyətləri

Sistem qısa mənzilli raketlərə və 70 kilometr mənzilə malik 155 mm-lik artilleriya mərmilərinə qarşı müqavimət göstərmək üçün nəzərdə tutulub. İstehsalçının bildirdiyinə görə, “Dəmir Günbəz” əlverişsiz hava şəraitində gecə-gündüz işləyəcək və eyni vaxtda bir neçə təhlükəyə cavab verə biləcək.

“Dəmir Günbəz”in üç mərkəzi komponenti var:

Aşkarlama və İzləmə Radarı: Radar sistemi İsrailin müdafiə şirkəti və “Israel Aerospace Industries”in törəmə şirkəti olan “Elta” və IDF tərəfindən hazırlanıb.

Döyüş İdarəetmə və Silaha Nəzarət (BMC): “Rafael” üçün İsrailin proqram təminatı şirkəti olan “mPrest Systems” tərəfindən hazırlanıb.

Raket Atəş Bölməsi: Sistem elektro-optik sensorlar və yüksək manevr qabiliyyəti üçün bir neçə sükan çarxı ilə təchiz edilən “Tamir” raketlərini işə salır. Raket “Rafael” tərəfindən istehsal edilib.

Sistemdəki radar EL/M-2084 adlanır. O, atılan raketi aşkar edir və onun trayektoriyasını izləyir. BMC məruzə edilən məlumatlar əsasında təsir nöqtəsini hesablayır və bu məlumatdan hədəfin müəyyən edilmiş əraziyə təhlükə törətdiyini müəyyən etmək üçün istifadə edir. Yalnız təhlükə kimi qəbul edildikdə, gələn raketi nəzərdə tutulan təsir nöqtəsinə çatmamış məhv etmək üçün bir raket atılır.

Tipik bir batareya ilə müqayisə

Tipik HHM raket batareyasında radar bloku, raket idarəetmə bloku və bir neçə buraxılış qurğusu var, hamısı eyni yerdə yerləşir. Bunun əksinə olaraq, “Dəmir Günbəz” “dağınıq” bir şəkildə yerləşdiriləcək şəkildə hazırlanıb. Hər bir buraxılış qurğusu müstəqil şəkildə yerləşdirilir və təhlükəsiz simsiz əlaqə vasitəsilə uzaqdan idarə olunur. Məlumata görə, hər bir “Dəmir Günbəz” batareyası təxminən 150 kvadrat kilometr şəhər ərazisini qorumağa qadirdir.


“Dəmir Günbəz” hansı ölkələrdə mövcuddur?

Amerika Birləşmiş Ştatları

2011-ci il avqustun 16-da “Raytheon Company” sistemin ABŞ marketinqinə rəhbərlik etmək üçün “Rafael” ilə işlədiyini elan edib. “Raytheon” Raket Sistemlərinin Qabaqcıl Təhlükəsizlik və İstiqamətləndirilmiş Enerji Sistemləri məhsul qrupunun vitse-prezidenti Mayk Bon bildirib: “Dəmir Günbəz” ABŞ ordusunun irəlidə yerləşən əməliyyat bazalarında digər “Raytheon” silahlarını tamamlayır. “Dəmir Günbəz” müdafiə təbəqəsini tamamlamaq üçün “Raytheon”un C-RAM sistemlərinə qüsursuz şəkildə inteqrasiya oluna bilər”.

2019-cu ilin yanvar ayında ABŞ-nin 373 milyon dollara iki batareya alacağı bildirilib. 2019-cu ilin avqustunda tamamlanan sifariş 2 komanda məntəqəsi, radarlar, 12 buraxılış qurğusu və 480 raket üçün nəzərdə tutulub. “Rafael” 2020-ci il sentyabrın 30-da ilk batareyanın təhvil veriləcəyini elan edib. İsrail Müdafiə Nazirliyi ikinci batareyanın 2021-ci il yanvarın 3-də təhvil verildiyini açıqlayıb.

Azərbaycan

2016-cı il dekabrın 17-də Azərbaycanın sabiq müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə bildirib ki, Azərbaycan və İsrail sistemin ilk təsdiqlənmiş xaricə satışına dair razılıq əldə ediblər. Lakin sonradan heç bir çatdırılma həyata keçirilməyib. Azərbaycanın bu sistemi almaq istəyi Ermənistanın Rusiyanın “İsgəndər” raketinə sahib olması ilə bağlıdır.

Rumıniya

“Romaero” şirkəti 2018-ci ilin mayında sistemin alınması ilə bağlı müqavilə imzalayıb.

Hindistan

2017-ci ildə İsrailin baş naziri Netanyahu və onun hindistanlı həmkarı Modi müdafiə və texnologiya sahəsində təxminən 2 milyard dollar dəyərində bir sıra müqavilələr, o cümlədən “Dəmir Günbəz” sisteminin alınması ilə bağlı müqavilə imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəmir-Günbəz  


Bizi "telegram"da izləyin