Paramotorlarla sərhəddəki təhlükəsizlik məntəqələrini keçən HƏMAS İsrailin sərhəd məntəqələrinə qəfil hücumlar həyata keçirib. İsrailin bir çox polis məntəqələrinə edilən basqınlar zamanı paramotorların İsrail tərəfindən aşkar edilməməsi müzakirə mövzusuna çevrilib.
Hadisədən sonra edilən təhlillərdə İsrailin bu tip hava vasitələrini təsbit edə biləcək elektro-optik və radar infrastrukturu və komanda-nəzarət sisteminə malik olmadığı fikri ön plana çıxıb. Əslində İsrailin qeyd olunan sistemlərin hamısını istehsal edə, hətta ixrac edə bilsə də, sərhəd bölgələrində lazımi sistemləri yerləşdirmədiyi anlaşılıb.
Paramotorlar vasitəsilə edilən hücumlar əslində yeni bir hadisə deyil. Hətta Türkiyədə PKK/YPG terror təşkilatı Suriya və ya İraqdan sızarkən paramotorlardan aktiv şəkildə istifadə edir.
Açıq mənbə məlumatlarına görə, Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə edilən son hücumda terrorçuların paramotorla Suriyadan Türkiyəyə keçdiyi məlum olub. Yaxşı, bu paramotorları aşkar edə biləcək sistemlər yoxdurmu? Əlbəttə var.
9,3 kilometrdən paramotor aşkarlanması
Türkiyədə personal aşkarlanması, daha dəqiq desək, ətraf mühitə nəzarət radarı deyiləndə ağlımıza 2-3 şirkət gəlir. Bunların arasında “Meteksan Savunma” da önə çıxır. Şirkət tərəfindən hazırlanmış “Retinar” seriyalı radarlar həm ölkə daxilində, həm də xaricdə hərbi və mülki istifadəçilərə xidmət göstərir.
“Retinar” seriyalı radarlardan biri olan “Retinar FAR-AD” digər radarlardan bir qədər fərqlənir. Bu radarın dəqiq adı belədir: “Retinar FAR-AD Drone Detection Radar”. Başqa sözlə desək, bu, yalnız Pilotsuz Uçuş Aparatlarının (PUA) aşkarlanması üçün hazırlanmış radardır. Digər tərəfdən o, insanları və paramotorları 9,3 kilometr məsafədən də aşkar edə bilir. Bəli, paramotoru aşkarlayır.
Son aylarda həyata keçirilən sınaqlar zamanı “Retinar FAR-AD” terror təşkilatının istifadə etdiyi paramotorları simulyasiya edən hədəflərə qarşı bir sıra sınaqlardan keçib. Bu sınaqlar zamanı “Retinar FAR-AD” radarı təxminən 8 kilometr məsafədən paramotorları uğurla aşkar edib. Digər tərəfdən, radar aşkarlanan hədəfin quş, PUA və ya paramotor olduğunu da fərqləndirib.
Əslində, bu tip ətraf mühitə nəzarət radarının ən böyük çətinliklərindən biri heyvan-insan və ya quş-hava vasitəsini ayırd etməkdir. Bu kontekstdə, “Retinar FAR-AD” kimi radarların paramotor təhlükələrinə qarşı effektiv erkən xəbərdarlıq elementi ola biləcəyi düşünülür. Digər tərəfdən sistemin müxtəlif elektro-optik və akustik sensor sistemləri ilə dəstəklənməsi və komanda-nəzarət sisteminin birləşdirilməsi təhlükənin aşkarlanması və təsnifləşdirilməsi qabiliyyətini xeyli artıracaq.
Açıq mənbə məlumatlarına görə, “Retinar FAR-AD” Türkiyə təhlükəsizlik bölmələri tərəfindən fəal şəkildə istifadə olunur.
Firuz Bağırov
Ordu.az