Ermənistanın törətdiyi ekoloji terror Budapeşt sakinlərinin diqqətinə çatdırılıb - FOTOLAR

2023/09/ed28f-1694440453.jpg
Oxunub: 27381     17:36     11 Sentyabr 2023    
Macarıstanın paytaxtı Budapeştdə yerləşən Azərbaycan Evində “Sərsəng su anbarı: Humanitar fəlakətin bir addımlığında” mövzusunda tədbir və foto-sərgi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Diasporuna Dəstək Fondunun və Macarıstandakı Azərbaycan Evinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu tərəfindən baş tutan tədbirdə yerli ictimaiyyətin, Azərbaycan, Türkiyə, Qazaxıstan və Tatarıstan diasporunun nümayəndələri iştirak ediblər.

İştirakçıları salamlayan Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli tədbirin məqsədi barədə məlumat verib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov layihə barədə məruzə ilə çıxış edərək, Sərsəng su anbarının tikilməsi, region üçün əhəmiyyəti və son vəziyyəti ilə bağlı məlumatları diqqətə çatdırıb. Eyni zamanda Ermənistanın və havadarlarının bütün beynəlxalq hüquq norma və prinsiplərinə, həmçinin insani dəyərlərə məhəl qoymadan indiyədək su anbarından təzyiq və təsir vasitəsi kimi istifadə etməyə çalışmasından, region əhalisini sudan məhrum edərək həm regionun iqtisadi inkişafına, həm də ekologiyasına vurduğu zərərdən bəhs edib. Qeyd edilib ki, Sərsəng su anbarının işğalda saxlanması regionun 100 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaqlarına, 700 mindən artıq insanın gündəlik həyatına mənfi təsir etməkdədir. Su anbarında baş verə biləcək hər hansı qəzanın humanitar fəlakətə dönüşə biləcəyi vurğulanıb.

Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı 2085 nömrəli qətnaməsinə (2016) istinadən tədbir iştirakçıları BMT-nin müvafiq təşkilatlarının, Avropa Şurası Parlament Assambleyasının, Avropa İttifaqının, “Human Rights Watch” beynəlxalq təşkilatının Sərsəng su anbarı ətrafında baş verən hadisələrə münasibət bildirməsinə dair bəyanat imzalayıblar. Bəyanatda Ermənistana və havadarlarına təzyiq etmək, onların ekoloji terrora son qoymaları üçün çağırış yer alıb.

Tədbir çərçivəsində Azərbaycan diasporunun fəalı Kamil Şükürovun ifasında milli musiqilərimiz təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ermənistan   Ekoloji-terror  


Bizi "telegram"da izləyin