Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1500 tərxis edilmiş hərbi qulluqçuları gənc çağırışçılar əvəz edib. Artıq çağırışçılar ştat üzrə silahlarla təmin edilib və peşə hazırlığına başlayıblar. Onlar üçün “Kamxud” təlim mərkəzində 1 aylıq fərdi hazırlıq proqramı başlayıb. Bundan başqa mayın 28-də 102-ci hərbi baza silah və texnikaya mövsümi qulluğunu başa vurub.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayında 102-ci hərbi bazanın hərbi qulluqçusu Valeri Permyakov tərəfindən Gümrü şəhərində ailənin 6 üzvünün öldürülməsinin növbəti günü “Qazeta.ru” saytı bildirib ki, Rusiya Müdafiə Nazirliyi, xaricə yerləşən rus hərbi bazalarının yalnız müqaviləli hərbi qulluqçularla komplektləşdirilməsi məsələsini müzakirə edir.
Lakin bir neçə gündən sonra “İnterfaks” agentliyi bildirib ki, xarici ölkələrdə yerləşən hərbi bazalarda yalnız müqaviləli hərbi qulluqçuların yerləşdirilməsi məsələsi çoxdan qərara alınıb və bunun Gümrüdə baş verənlərlə heç bir əlaqəsi yoxdur.
“İnterfaks” həmçinin bildirib ki, Ermənistanda dislokasiya olunan 102-ci rus hərbi bazanın yalnız müqaviləli hərbi qulluqçularla komplektləşdirilməsi proqramını 2016-cı ilin yaz aylarında başa vurmaq nəzərdə tutulub.
Alpər Mövludoğlu
Ordu.az