Ermənistanda ölən hərbi qulluqçuların anaları yenidən etiraza qalxdı

2019/05/18873-1559221505.jpg
Oxunub: 22485     17:03     30 May 2019    
Ölən erməni hərbi qulluqçuların anaları erməni hakimiyyət orqanlarını orduda baş verən hadisələrin obyektiv araşdırılması üçün verdikləri vədlərə əməl etmədiklərinə görə yenidən etiraz aksiyasına başlayıblar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hökumət binası qarşısında toplaşan etirazçılar ədalətli istintaq aparılmasını və övladlarının ölüm səbəblərinin əsl mahiyyətinin üzə çıxarılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini tələb edirlər.

Xatırladaq ki, daha öncə Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, Andranik Silakyan, Artur Qazaryan, Valeri Muradyan, Tiqran Ohancanyan və Arman Hakobyanın ölüm faktları üzrə cinayət işlərinə yenidən baxılacaq. Bu məqsədlə ictimai monitorinq komissiyası təşkil edilməsinə dair İstintaq komitəsi və 10 hüquq müdafiəçisi ictimai təşkilatı arasında razılaşma imzalanıb.

Valideynlərdən biri qeyd edib ki, son vaxtlar ictimai monitorinq heyətinin iclası keçirilsə də, onu narahat edən suallara cavab tapmaq əvəzinə yeni narahatlıqlar yaranıb.

Onların fikrincə istintaqın aparılmasına vaxtilə valideynlərin ittiham etdiyi eyni müstəntiqlər cəlb edilib.

Qeyd edək ki, keçən ilin iyul ayında valideynlər Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb və onları narahat edən problemləri diqqətə çatdırıblar.

Valideynlər isə heç bir vədlərə əməl edilmədiyindən şikayətlənirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin