Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan Ermənistanın ikinci prezidenti Robert Köçəryan və “1 Mart” işi üzrə digər ittiham edilənlərin məsələsində yaranmış məhkəmə hüquq vəziyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, Köçəryanın həbs qərarı məsələsinə yenidən baxıla bilər.
“Köçəryanın həbs qərarı məsələsi konstitusiya məhkəməsinin qərarını gözləmədən apellyasiya məhkəməsində dinlənilə bilər. Həmçinin məhkəmə “1 Mart” cinayət işi üzrə hakim Qriqoryanın təqdim etdiyi vəsadətə apellyasiya məhkəməsinin hökmünü gözləmədən baxa bilər. Mayın 20-də Ermənistanın Köçəryan, sabiq Baş nazir müavini Armen Qriqoryan, sabiq Müdafiə naziri Seyran Ohanyan və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Yuri Xaçaturovla bağlı cinayət işinin icraatı məhkəmənin qərarı ilə dayandırılaraq konstitusiya məhkəməsinə göndərilib.
Daha sonra konstitusiya məhkəməsi bəyan edərək bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən zərurət olduğu halda cinayət işinin materiallarını apellyasiya məhkəməsinə təqdim edilməsi üçün geri qaytarmağa səlahiyyəti çatır.
Konstitusiya məhkəməsinə müraciət etməkdə məqsəd irəli sürülən ittihamın müvafiq maddəsinin konstitusiyaya uyğun olub-olmadığını aydınlaşdırmaqdır. Apellyasiya məhkəməsi isə həbs qərarı ilə bağlıdır. Yəni bir proses digərinə maneçilik törətmir”, - deyə Ayvazyan bildirib.
Konstitusiya məhkəməsinin qərarının ehtimal edilən nəticələrinə gəldikdə isə o qeyd edir ki, bu, işin gələcək araşdırılması prosesinə ciddi təsir edə bilər.
“Əgər konstitusiya məhkəməsi qeyd edilən maddənin konstitusiyaya uyğun olduğunu bəyan edərsə, işin istintaqı hazırda olduğu kimi davam etdiriləcək. Yox əgər konstitusiyaya zidd olduğu barədə qərar verilərsə, həmin hissə üzrə ittiham hamının üzərindən götürüləcək.
CM-nin 300.1 maddəsi üzrə ittiham edilən 4 nəfərin üzərindən bu maddə götürülərsə, Seyran Ohanyan və Yuri Xaçaturov bu əsasla ittihamdan azad ediləcək. Köçəryan və Qriqoryanın ittihamına isə xitam veriləcək və digər maddələr üzrə araşdırma davam etdiriləcək”, - deyə Ayvazyan qeyd edib.
Qeyd edək ki, ilkin istintaq nəticəsində Köçəryana qarşı CM-nin 300.1 maddəsinin 1-ci hissəsi üzrə konstitusiya quruluşunun dəyişdirilməsi və 311-ci maddənin 4-cü bəndinin 2-ci hissəsi üzrə xüsusilə külli miqdarda rüşvət alınması ittihamı irəli sürülüb.
Qriqoryan da eyni maddələr üzrə ittiham edilir. Ohanyan və Xaçaturov isə yalnız 300.1 maddəsinin 1-ci hissəsinə əsasən konstitusiya quruluşunun dəyişdirilməsində ittiham olunurlar.
Alpər Mövludoğlu
Ordu.az