Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov deyib.
Qarabağ münaqişəsi zonasında atəşkəsin 25-ci ildönümünə həsr edilən “konfrans”da iştirak etmək üçün, işğal altında olan Xankəndinə qanunsuz olaraq gələn Tarasov, münaqişənin həlli üzrə irəli sürülən təkliflərdən danışıb.
Onun sözlərinə görə, ABŞ tərəfi tanınmış elmi siyasi qurumların təkliflərini əsas götürərək, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, Qarabağa isə ən yüksək muxtariyyət statusunun verilməsini nəzərdə tutan variant təklif edir.
“Eyni zamanda bu həll variantı xarici donorların cəlb edilməsi ilə bölgənin iqtisadi və kommunikasiya sahəsində ən geniş inteqrasiyasını nəzərdə tutur. Bunun sayəsində növbəti ziddiyyətlərin sıfır dərəcəsində olacağı ehtimal edilir. Bu Azərbaycan üçün qəbul olunandır. Lakin Ermənistan tərəfindən inkar edilir. Buna görə də, danışıqlar prosesi yerində fırlanmağa başlayır. Rusiyada Paşinyanın hara doğru irəlilədiyini dərk etmək üçün ciddi təhlillər aparılır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, işğal altında olan Xankəndinə Tarasovla yanaşı, 1992-1996-cı illərdə ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçmiş Rusiya prezidentinin nümayəndəsi Vladimir Kazimirov və Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, “Regnum” agentliyinin Baş redaktoru Modest Kolerov da gəlib.
Alpər Mövludoğlu
Ordu.az