Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda məhkəmə tərəfindən əsgər Norayr Sahakyanın ölümündə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan mərhum edilmiş, hərbi hissənin tibb məntəqəsinin rəisi leytenant Mher Davidyantsa və terapiya bölməsinin rəisi vəzifələrini müvəqqəti icra edən Arkadi Çaxoyana bəraət verilib.
Xatırladaq ki, məhkəmə bu ölüm faktı üzrə 4 nəfər həkimi 4 il müddətinə azadlıqdan mərhum etmişdi. Bunlar ginekologiya bölməsinin baş ordinatoru mayor Karen Culhakyan, işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşmənin çağırış məntəqəsinin tibb məntəqəsi rəisi, gizir Varujan Manasyan, Mher Davidyants və Arkadi Çaxoyandır.
Adları qeyd edilən həkimlər Ermənistanın “müstəqilliyinin 22-ci ildönümü” ilə əlaqədar amnistiya elan edilməsinə dair parlamentin 2013-cü il tarixli qərarının müvafiq bəndlərinə uyğun olaraq cəzadan azad ediliblər.
Erməni hərbi qulluqçunun 2012-ci il dekabrın 21-də hər hansı sağlamlıq problemi olmadan orduya çağırıldığı qeyd edilir. Mərkəzi çağırış məntəqəsində 6 iynə vurulduqdan sonra onun hərarətinin 38.3 dərəcəyə qalxdığı bildirilir. Çağırışçı Norayr Sahakyan ginekoloq olan hospitalın həkimi, növbətçi Karen Culhakyana yaxınlaşıb. Culhakyan çağırışçının hərarəti olduğunu qeyd edib və ona bir ədəd həb verilərək, Qarabağda dislokasiya olunan erməni hərbi birləşməsinə yola salınıb.
Yolda yenidən özünü pis hiss etsə də, ona tibbi yardım göstərilməyib. Nəticədə onu orduda cəmi 48 saat saxlaya biliblər.
Hərbi hospitalda ölən erməni əsgər Norayr Sahakyanın anası Karine Mnatsakanyan, oğlunun ölümündə günahkar bilinən Mher Davidyantsın Nork rayon infeksiya klinikasının direktoru təyin edilməsinə görə qəzəblənib.
Anası orduya sağlam göndərdiyi və qısa vaxtda ölən oğlunun cinayət işinin 6 ildir tam araşdırılmadığından narahatdır. O, həmçinin cinayət işində ittiham olunanların bəraət alması və qısa vaxtda vəzifələrə təyinat almasından da şikayətçidir. Vəzifəyə təyin edərkən həmin şəxsin keçmişini araşdırmayan nazirlərə də qəzəbli olduğunu bildirir.
“Nork rayon infeksiya klinikasının direktoru təyin edilən Davityantsın təcili vəzifəsindən azad edilməsini və məhkəməyə cəlb olunmasını tələb edirik. Onun kimi insan qəniminin belə vəzifəyə təyinatını biabırçılıq hesab edirik”, - deyə Karine etiraz edib.
Norayrın valideynləri məhkəmənin verdiyi bəraət qərarı haqqında kütləvi informasiya vasitələrindən məlumat əldə etdiklərini, məhkəmədən hər hansı bildiriş almadıqlarını qeyd ediblər. Ölən erməni əsgərin atası, Nver Sahakyan qeyd edir ki, 6 ay əvvəl məhəkəmə olacağı barədə bildiriş alsalar da, daha sonra təxirə düşdüyü bildirilib. 6 ay sonra isə məhkəmənin baş tutduğu və bəraət qərarının verildiyi barədə isə KİV-lərdən öyrəndiklərini qeyd edir.
Atası qeyd edir ki, onların hüquqları təmamilə tapdalanıb: “Hüquqi varis kimi bu məhkəmə barədə məlumatlı olmalıydım. Məhkəmə hakiminin nəyin əsasında bu iki təqsirli şəxsin günahsız olduğuna dair qərar verdiyini anlamırıq. Seyran Ohanyan bizi qəbul edirdi, lakin indiki Müdafiə naziri bizi qəbul otağından geri qaytarır”.
Apelyasiya məhkəməsinə müraciət edilməsinə köməklik göstərdiyinə görə Müdafiə Nazirliyinə edilən müraciət rədd edilib. Onlar məhkəmə xərclərinin yarısına köməklik edilməsindən də imtina ediblər. Vəkil tutmağa isə maddi imkanlarının olmadığı bildirilir.
Hazırda ölən gənc erməni əsgərin valideynləri Avropa Məhkəməsinə müraciət edilmədən “ədalətli” qərar veriləcəyinə ümid edirlər.
Alpər Mövludolu
Ordu.az