"Münaqişənin həllində Rusiya tərəfinin səyləri tarazlıq yox, tamamlayıcıdır" - Sarkisyan

2019/04/76876-1555592227.jpg
Oxunub: 30713     17:23     18 Aprel 2019    
"Qarabağ probleminin nizamlanması kontekstində Birləşmiş Ştatlar tarazlıq yaratmağa yox, rus tərəfinin cəhdlərini tamamlamaq istəyir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsinə dair təklif verməsi haqqında Xarici İşlər naziri Elmar Məmmədyarovun bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya kimi, Birləşmiş Ştatların da ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu unutmaq olmaz.

"Biz həmişə ATƏT-in Minsk qrupunun ABŞ və Rusiyanın xarici siyasətçilərinin çox səmərəli işləyə bildiyi müstəsna format olduğunu nəzərə almalıyıq. Burada sanki, həmsədr ölkələr arasında heç bir mübahisə və ya problem yoxdur. Məsələnin həllini onlar eyni cür anlayır və bu, əlbəttə ki, danışıqlar prosesinə böyük töhfə verir. Belə ki, iki ölkə arasında ziddiyyətlər axtarmağa ehtiyac yoxdur", - deyə o qeyd edib.

Erməni politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunda müntəzəm olaraq məlumat mübadiləsi, mövqelərin dəqiqləşdirilməsi və Qarabağ münaqişəsinin həlli kontekstində birgə işin koordinasiyası mövcuddur.

Qeyd edək ki, Varşavada keçirilən mətbuat konfransı zamanı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, ötən gün Vaşinqtona ziyarətlə bağlı ABŞ-dan təklif gəldiyini və oradakı görüşdə ABŞ dövlət katibi Mayk Pompeonun da münaqişənin həllində irəliləyişə nail olunması üçün öz səylərini göstərəcəyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin son görüşü aprelin 15-də Moskvada keçirilib. Danışıqlarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib. Lavrov aprelin 15-də Moskvada keçirilən görüş zamanı Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşündə Rusiya tərəfinin 2016-cı ildə irəli sürdüyü təkliflərinin müzakirə edildiyini təsdiqləməklə, əlavə edib ki, təkliflərin detalları gizlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin