“Joğovurd”: Petrosyan Qarabağla bağlı məxfi layihə təklif edib

2019/04/56756-1554981582.jpg
Oxunub: 20812     15:53     11 Aprel 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyan son vaxtlar Qarabağ münaqişəsinin nizamlanmasında məlum “Madrid prinsipləri”nə çox istinad edir və bunların aydınlaşdırılmasını vurğulayır.

Ordu.az xəbər verir ki, bu ifadələr “Joğovurd” nəşrində çıxan məqalədə qeyd edilib.

O, belə bir bəyanatla ilk dəfə işğal altında olan Qarabağda keçirilən təhlükəsizlik şurasının iclasında çıxış edib. Bu barədə aprelin 7-də “Yerkrapah” təşkilatının qurultayında çıxış edərkən təkrarən qeyd edib.

“Madrid prinsipləri”nin realda təyinatı, bu prinsiplər çərçivəsində aparılan danışıqlarda hansı mümkün, ilkin addımlar atıla bilər? Vyanada buna dəqiq cavab ala bilmədim və yalnız dəqiq cavab əldə etdikdən sonra “Madrid prinsipləri”nin nə dərəcədə qəbul oluna bilib-bilməyəcəyi, yaxud ümumiyyətlə qəbul olunması ehtimalına cavab verə bilərəm”, - deyə Paşinyan ifadə edib.

Qeyd edək ki, Madrid prinsipləri 2007-ci ilin noyabr ayında Madrid şəhərində Azərbaycan və Ermənistan tərəflərinə təklif edilib. Daha sonra 2009-cu il iyunun 10-da bu prinsiplərin yenilənmiş hissəsi təqdim edilib.

Əsas prinsiplərə keçmiş DQMV-ni əhatə edən rayonların Azərbaycana qaytarılması, qaçqınların öz yaşayış yerlərinə qayıtması hüququ və sairə daxildir. Lakin “Madrid prinsipləri”nin açıqlanmasından öncə maraqlı proseslər baş verib. Söhbət bu prinsiplərlə bağlı Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın bəyanatlarından, onun tutduğu mövqeyindən və “Wikileaks”in məxfi sənədləri açmasından gedir.

İlk növbədə sirr deyil ki, Ermənistanın birinci prezidenti “Madrid prinsipləri” barədə daim mənfi rəy bildirib və bunu heç vaxt gizlətməyib. Maraqlıdır ki, birinci prezidentin çox hallarda dediyi başqa şeydir, lakin məxfiliyi açılmış sənədlərdə isə başqa şey əks olunur.

Qeyd edək ki, 2017-ci il martın 22-də “Gündəmdən kənar” verilişinə müsahibə verərkən Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hər hansı layihə təqdim etmədiyini bəyan edib.

“İndiyədək səsləndirilən bütün təkliflər nə Azərbaycan, nə də Ermənistan tərəfindən irəli sürülüb. Təkliflərin hamısı beynəlxalq təşkilatlar tərəfindən tərəflərə təqdim edilib. O, məsələnin həll edilməsi istiqamətində ortaya qoyulan “Madrid prinsipləri” sənədləri 2007-ci ildən etibarən müzakirə olunmağa başlanıb”, - deyə o bildirib.

2007-ci il oktyabrın 17-də yayılan “Wikileaks” sənədində isə birinci prezident Levon Ter-Petrosyan tərəfindən Minsk qrupunun həmsədri Metyu Brayzaya məxfiliyi qorumaq şərtilə öz iradlarını bildirdiyi barədə məlumat ortaya qoyulur. Köçəryanın vəzifədən gedəcəyini nəzərə alaraq, Levon Ter-Petrosyan hesab edir ki, həmsədrlər danışıqlar prosesindəki vəziyyəti əks etdirən sənəd hazırlamalıdır. O, bu sənədin tərtib edilməsini ona aid olan ideya kimi dəyərləndirilməsini istəməsə də, ümid edirdi ki, Brayza digər həmsədrlərə bunu öz təşəbbüsü olaraq təqdim edəcək.

Məqalədə qeyd edilir ki, birinci prezident Dağlıq Qarabağ münaqişəsinin həllində nəyə nail olunduğunu əks etdirən hər hansı formal sənəd olmadığını bildirib. O, hesab edirdi ki, Minsk qrupu həmsədrləri üçün bəlkə də bunu etməyin ən yaxşı yolu formal sənəd tərtib edərək, hər iki tərəfə artıq səmərəli şəkildə razılaşdırılmış, bütün elementləri əhatə edən həll layihəsi kimi təklif olunmasıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Petrosyan   Qarabağ   Gizli-plan  


Bizi "telegram"da izləyin